Ermənistanla münaqişəyə yalnız hərbi yolla nöqtə qoymaq olar
18 Fevral 2010 Cümə Axşamı 15:20
Bunu QAT sədri Akif Nağı deyib
Qarabağ münaqişəsinin ədalətli həlli və Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsinin yeganə yolu hərbdir. Bunu Milli Elmlər Akademiyası İnsan Haqları İnstitutunda “XX əsrdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi cinayətlər” mövzusunda keçirilən konfransda Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

QAT sədri bu gün Azərbaycanda mövcud olan bütün yaşayış məntəqələrinin erməni cinayətlərindən zərər çəkdiyini bildirib.

“Ermənilər vaxtaşırı danışıqlarda nəsə bir məqam tapıb dialoqu pozurlar. Bir neçə dəfə Goranboy rayonundakı Şaumyankəndini tələb ediblər. Lakin bu bizim torpaqlardır. Vaxtilə məsuliyyətsizlikdən bu onlara verilib. Onlar tez-tez hoqqabazlıq edirlər. Ona görə də biz hərbi yola üstünlük verməliyik”, - deyə Akif Nağı bildirib.

Məruzələrdən sonra konfransda qətnamə qəbul edilib. Sənəddə ermənilərin azərbaycanlılara qarşı törətdiyi deportasiyaya görə cavab verməli olduqları, kütləvi qətllərin insanlığa qarşı cinayət kimi dəyərləndirilməsi, bunlarla bağlı beynəlxalq məhkəmələrin obyektiv qərar çıxarması, dünya birliyinin bu məsələyə düzgün siyasi qiymət verməsi və cinayətləri törətmiş ermənilərin cəzalandırılması tələb edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar