Ermənistanın iki seçimi var...
“Biz dəfələrlə şahidi olmuşuq ki, Ermənistan əvvəldən tutduğu mövqeyə sonra təzədən nəzərə salıb və artıq razılaşdırılmış məsələlərdən geriyə çəkilmək istəyib”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov danışıqlarda beş, yaxud yeddi rayonun işğaldan azad edilməsinə dair razılaşmanın olub-olmamasına münasibət bildirərkən deyib. Odur ki, hansısa razılığa dair məsələləri açıqlamaqdan çəkindiyini söyləyən A. Əzimov bütün hallarda işğal edilmiş ərazilərin boşalmasının bilavasitə münaqişənin həllində komponentlərdən biri olduğunu vurğulayıb: “İşğal başa çatmasa, heç bir şey mümkün olmayacaq”.
Nazir müavini yeddi rayon və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu və bunun müzakirə edilmədiyini bir daha diqqətə çatdırıb: “Yeddi rayonun boşaldılması, azərbaycanlıların Dağlıq Qarabağa qayıtması əvvəldən Azərbaycanın prinsipial mövqeyində əsas yer tutub. Ermənistanın iki seçimi var: ya münaqişə həll olunmur, ya da azərbaycanlılar Dağlıq Qarabağa qayıdandan sonra status müəyyənləşir. Başqa seçim yoxdur. Lakin “Hər şey razılaşdırılmayana qədər heç nə razılaşdırılmayıb” prinsipi var”.
APA