Ermənistana silah satışında Latviya izi
31 Oktyabr 2011 Bazar Ertəsi 21:01
Erməni ordusu üçün nəzərdə tutulan müasir silahların satışı ilə bağlı qalmaqalda “Latspeceksports” şirkətinin adı hallanıb.
Latviyanın “Latspeceksports” şirkətinin adı Ermənistana satılan hücum silahları və raket kompleksləri ilə bağlı qalmaqalda hallanıb. Söhbət bu yaxınlarda Moldova parlamentində baş vermiş səs-küylü qalmaqaldan gedir. Chas-daily.com portalında yer alan məlumata görə, jurnalistlərin əlinə silah satışı ilə bağlı müqavilənin surəti keçib. Sənəddə tərəflər kimi Moldova Müdafiə Nazirliyi və Latviya şirkəti göstərilir. Güman olunur ki, “Latspeceksports” raketləri Moldovadan alıb, sonra isə onları Ermənistana satıb. Bu barədə Latviya XİN-ə azərbaycanlı diplomatlar məlumat verib. İndi işin araşdırılması ilə bağlı ölkənin təhlükəsizlik polisi məşğuldur.
Bu məsələ bir neçə ay öncə ortaya çıxıb. Belə ki, silahların daşındığı təyyarə Liviyada qeydiyyatda olub. Neka Person nəşrinin yazdığına görə, bu üzdən də Latviya şirkətinə Liviyadakı üsyançılara silah satışı ilə bağlı iradlar gəlməyə başlayıb. Lakin sonradan məlum olub ki, təyyərə Ermənistana silah daşınması üçün istifadə olunurdu.
Rəsmi versiyaya görə, söhbət Moldova ordusunun istifadəsindən çıxarılmış silahdan gedirdi. Ancaq sonradan müəyyən edildi ki, bu müasir “Uraqan” raketləri, habelə “Konkurs” və “Şturm” tank əleyhinə raketlər imiş.
Daha bir maraqlı fakt ondan ibarətdir ki, “Latspeceksports” şirkəti Latviya Xarici İşlər Nazirliyindən rəsmi icazə ala bilməmişdi. İddiaya görə, şirkət bunun üçün müraciət etsə də, ona “yox” cavabı verilmişdi.
DOSTLARINLA PAYLAŞ: