Bu gün 61 nəfərdən ibarət turist qrupu Ermənistandan, Azərbaycanın işğal olunmuş ərazisi olan Qarabağa səfərə yollanıb. “Novosti-Armeniya” agentliyinin məlumatına görə, bu barədə “RUMEA” əyləncəli səyahət klubunun prezidenti Ruben Qriqoryan jurnalistlərə bildirib.
Onun sözlərinə görə, turist qrupunun səfəri separatçı Qarabağ rejiminin turizmin inkişafı üçün pilot proqramı çərçivəsində təşkil edilib.
Buna baxmayaraq, Qriqoryan qeyd edib ki, bu qrupa yalnız Ermənistan vətəndaşları daxildir, amma Qarabağa həmçinin xaricilərin də səfəri planlaşdırılıb.
Onun sözlərinə görə, belə müraciətlər əsasən İsveç və Kanadadan daxil olub.
Xatırladaq ki, bir qədər əvvəl Ermənistanın baş naziri Tiqran Sarkisyan ölkəsində Türkiyəyə turist cəlb etməyə çalışan turizm şirkətlərini tənqid etmişdi. O, gecə-gündüz Türkiyənin reklam edilərək erməni turistlərin bu ölkəyə cəlb edilməsinin Ermənistan iqtisadiyyatına zərər vurduğunu bildirmişdi. Erməni turizm şirkətlərinin rəhbərləri ilə toplantı keçirən Sarkisyan onları daha çox gəlir əldə etmək üçün Ermənistanı və Qarabağı unutmamağa çağırıb. "Antalya, Acariya- yalnız bunları reklam edirsiniz. Artıq insanlar oraları qarış-qarış tanıyırlar. Amma Qarabağı insanlara tanıtmırsınız. İqtisadiyyata zərər vurursunuz". /ANS PRESS/