Ermənistan parlamenti protokollarla bağlı ilkin qərar verib
19 Fevral 2010 Cümə 17:20
Protokollar parlamentin gündəliyinə daxil ediləcək
Bu gün Ermənistan parlamentinin xarici əlaqələr komissiyası Ermənistan-Türkiyə protokollarına baxıb. Komissiya sədri Armen Rustamyan toplantıdan sonra bəyan edib ki, komissiyanın rəyindən asılı olmayaraq protokollar parlamentin gündəliyinə daxil ediləcək. Onun sözlərinə görə, komissiya sənədə rəy verənədək protokolların bütün fraksiyalarda müzakirəsinə başlanması təklifi ilə parlament sədrinə müraciət etməyə hazırlaşır.
Məsələ ilə bağlı bütün fraksiyaların nümayəndələrindən ibarət işçi qrupu da yaradılacaq. Həmin qrup fevralın 22-dək Ermənistan-Türkiyə protokollarının komissiyada və parlamentdə dəqiq müzakirə prosedurunu təqdim etməlidir. Bundan başqa protokolların parlamentin bütün daimi komissiyalarında müzakirəyə çıxarılması nəzərdə da tutulur.
Komissiyanın bəzi üzvləri isə hesab edir ki, Ankara protokolların ratifikasiya edilməsinə dair hər hansı addım atdıqdan sonra sənəd Ermənistanda müzakirəyə çıxarılmalıdır. Qeyd edək ki, xarici əlaqələr komissiyası beynəlxalq razılaşmalara dair qanuna dəyişikliklərin edilməsi məsələsini də palamentin gündəliyinə daxil edilib. Bu isə o deməkdir ki, əgər Ermənistanın imza atdığı hər hansı beynəlxalq sənəd dövlətin milli maraqlarına zidd olarsa, o imzasını geri götürə bilər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: