Ermənistan parlamenti Əliyev-Sarkisyan görüşündən işarə gözləyir
27 Oktyabr 2010 Çərşənbə 12:55
Spiker: “Sarkisyan bugünkü görüşdən sonra “DQR”ı tanıyın deyrsə, bunu edəcəyik”.
Ermənistan parlamentinin spikeri Ovik Abramyan işğal etdikləri Dağlıq Qarabağın müstəqilliyinin tanınması məsələsi ilə bağlı maraqlı bəyanatla çıxış edib. ANS PRESS-in “Novosti Armeniya”ya istinadən verdiyi xəbərə görə, o deyib ki, “əgər erməni lideri Serj Sarkisyan bu gün Azərbaycan prezidenti İlham Əliyevlə Həştərxanda keçiriləcək görüşdən sonra “Dağlıq Qarabağ Respublikası”nın tanınmasını lazım bilərsə, parlament bunu edəcək”.
Qeyd edək ki, bu gün Rusiya prezidenti Dmitri Medvedevin də iştirakı ilə Həştərxan vilayətində Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü keçiriləcək. Görüş Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələlərinin müzakirəsi məqsədi daşıyır.
Xatırladaq ki, Ermənistanın “İrs” müxalifət fraksiyasının irəli sürdüyü “ “DQR”in müstəqilliyinin tanınmasına dair” qanun layihəsi parlamentin cari dördgünlüyünün səsverməsinə təqdim olunub.
Erməni spiker “DQR”in hazırda tanınmamasının Dağlıq Qarabağ problemi üzrə aparılan danışıqlar prosesinə mane olmamaq üçün edildiyini bildirib.
“Nə zaman ki, biz bunu müzakirə edəcəyik və prezident Sarkisyan başda olmaqla qərara alacağıq ki, “DQR”nın müstəqilliyi tanınmalıdır, o zaman təcili təşəbbüs göstərib növbədənkənar iclas keçirərək bunu edəcəyik”, - deyə Abranyan bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: