Ermənistan parlamenti Azərbaycanı günahlandıran bəyanat qəbul etməyə hazırlaşır
16 Noyabr 2010 Çərşənbə Axşamı 00:45
Bəyanatda Dağlıq Qarabağ probleminin hərbi münaqişəyə çevrilməsinin məsuliyyəti rəsmi Bakının üzərinə atılacaq.
Ermənistan parlamentinin noyabrın 18-nədək davam edəcək sessiyasının gündəliyinə “Qarabağ probelminin hərbi qarşıdurmaya çevrilməsində Azərbaycanın məsuliyyəti, Dağlıq Qarabağ məsələsinin mahiyyətinin təhrif edilməsi və sülh danışıqları prosesinə maneələr barədə” bəyanatın qəbul edilməsi gözlənilir. Bəyanatı parlantin xarici əlaqələr komissiyasının sədri Armen Rustamyan təqdim edib.
Bəyanatda Dağlıq Qarabağ separatçılarının öz müstəqilliklərini elan etməsi beynəlxalq hüquq normaları və o vaxt qüvvədə olan SSRİ qanunvericiliyinə uyğun addım kimi təqdim olunacaq. Sənəddə bildirilir ki, “Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etməsinə cavab olaraq Azərbaycan hökuməti etnik təmizləmə siyasəti yürüdüb və məsələni güc yolu ilə həll etməyə çalışıb”. Ermənistan parlamenti bəyan edəcək ki, Ermənistan Dağlıq Qarabağın və orada yaşayanların təhlükəsizliyinin təminatçısı olub və bundan sonra da olacaq: “Ermənistan parlamenti bəyan edir ki, Azərbaycanın müharibə bəyanatları, münaqişənin yaranmasının səbəbləri və nəticələri, antierməni bəyanatları və nifrət toxumu səpən hərəkətlər münaqişənin nizamlanmasına prinsipial və köklü əngəllərdir. Bu siyasətə görə məsuliyyəti Azərbaycan daşıyır”.
Ermənistan parlamenti iddia edəcək ki, Azərbaycan “təcavüzkarı qurban, qurbanı isə təcavüzkar kimi təqdim edir”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: