Ermənistan özünü biabır etdi
23 Noyabr 2010 Çərşənbə Axşamı 12:10
"Azərbaycan bu il uşaq "Eurovision"da iştirak etmədiyindən İTV bu yarışmanı ümumiyyətlə yayımlamayıb"
"Ermənilər Avropa Yayım Şurasına şikayət etmək istəyirlər ki, guya Azərbaycan erməni iştirakçının uşaq "Eurovision" mahnı müsabiqəsində qalib olduğu andan müsabiqənin yayımını dayandırıb. Bir sözlə, ermənilərin budəfəki cəhdi alınmadı. Çünki, Azərbaycan bu il uşaq "Eurovision"da iştirakdan imtina etdiyindən İctimai Televiziya bu yarışmanı ümumiyyətlə yayımlamayıb". Bunu ANS PRESS-ə açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqə və monitorinq şöbəsinin rəisi Tahir Məmmədov bildirib.

"Ermənilər həmişə olduğu kimi məkrli, hiyləgər addımları ilə dünya ictimaiyyətinin diqqətini cəlb etmək istəyirlər. Düzdür, onların məkrliliyi və hiyləgərlikləri həmişə yalan üzərində qurulur, amma bu dəfə dedikləri tamamilə ağ yalandır. Özlərinin xislətinə xas qara böhtanları ilə növbəti dəfə Azərbaycanı qaralamaq niyyətləri baş tutmadı", deyə T. Məmmədov əlavə edib.

İTV rəsmisinin sözlərinə görə, ermənilərin ağ yalanı artıq bir sıra Avropa mətbuatında da yer alıb: "Biz bununla bağlı addımlar atacağıq. Bu dəfə onlar özlərini biabır etdilər. Artıq dünya ictimaiyyəti ermənilərin bizə necə böhtan atdığını açıq-aydın gördü. Bir sözlə, ermənilərin maskası yavaş - yavaş cırılır".

Qeyd edək ki, Ermənistan Avropa Yayım Şurasının (EBU) dekabrın 2-3-də Cenevrədə keçiriləcək toplantısında Azərbaycandan şikayət etmək niyyətindədir. Bunu Ermənistanın İctimai televiziyasının baş direktorunun müşaviri Diana Manatsakanyan deyib. Onun sözlərinə görə, Azərbaycan “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin qaydalarını dəfələrlə pozub. Erməni tərəfi iddia edir ki, ötən il Azərbaycan televiziyası ölkə vətəndaşlarının Ermənistanın “Eurovision-2009”dakı təmsilçisinə səs verməsini əngəlləyib. Bundan başqa, ötən şənbə Minskdə keçirilən bu ilin uşaq “Eurovision” müsabiqəsində erməni iştirakçının qalib gəldiyi aydınlaşandan sonra Azərbaycanda müsabiqənin yayımı dayandırılıb.

Xatırladaq ki, uşaqlar arasında müsabiqədə 12 yaşlı Qarabağ ermənisi Vladimir Arzumanyan Ermənistanı təmsil edib və qalib gəlib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar