Ermənistan: "İstənilən müdaxiləyə cavab verməyə hazırıq"
12 Dekabr 2009 Şənbə 11:10
Bu bəyanatı Ermənistan Müdafiə Nazirliyi verib
"Ermənistanın və “DQR”in silahlı qüvvələri istənilən müdaxiləyə qarşı lazımi müqavimət göstərmək üçün yüksək döyüş hazırlığına malikdir". Bu bəyanatı Ermənistan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya idarəsi verib.
“Azərbaycan tərəfindən Ermənistanda insan resursunun olmaması və ölkənin lazımi hərbi hissələr yarada biməməsi barədə yayılmış informasiya həqiqətə uyğun deyil”, deyə bəyanatda bildirilir.
Ermənistan Müdafiə Nazirliyi iddia edir ki, payız çağırışı əvvəlcədən nəzərdə tutulmuş qrafikə uyğun həyata keçirilir və artıq ordunun 70 faizinin komplektləşdirilməsi təmin edilib.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirmişdi ki, Ermənistanın hərbi vəziyyəti nə isə əldə edəcək səviyyədə deyil. "Bizdə statistik məlumatlar var ki, Ermənistan Müdafiə Nazirliyi artıq bir neçə hərbi hissəni formalaşdıra bilmir. İnsan gücü yoxdur. Artıq Ermənistanda yüzlərlə ölü kənd yaranıb. İnsanlar başqa yerə gedir. Ona görə də Ermənistan Müdafiə Nazirliyi hərbi hissələri komplektləşdirə bilmir", deyə E. Sabiroğlu bəyan etmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: