Ermənistan intihar etmiş təxribatçının meyitində işgəncə izləri “aşkarlayıb”
06 Noyabr 2010 Şənbə 00:45
Rəsmi İrəvan iddia edir ki, meyit lazımi qaydada saxlanılmayıb.
Cəbhə xəttində ələ keçirilən və Azərbaycanda intihar edən erməni təxribatçısı Manvel Sarıbekyanın ölümü ilə bağlı Ermənistanda cinayət işi qaldırılıb. O, oktyabrın 5-də intihar edib və noyabrın 4-də meyiti erməni tərəfinə təhvil verilib.
Ermənistanda təxribatçının meyitinə baxış keçirilib. Rəsmi İrəvan iddia edir ki, meyit lazımi qaydada saxlanılmayıb və çürüməyə başlayıb. Ermənistanın Baş Prokurorluğunun məlumatına görə, məhkəmə-tibb ekspertizası meyitdə işgəncə izləri “aşkarlayıb”. Bu “tapıntı”dan sonra Ermənistanın baş prokurorunun göstərişi ilə bu ölkənin Cinayət Məcəlləsinin 104-cü maddəsinin 3-ci hissəsinə (xüsusi amansızlıq qəsdən adam öldürmə) əsasən cinayət işi qaldırılıb.
Xatırladaq ki, bu il sentyabrın 11-də təxminən saat 17.00-da cəbhənin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun hiyləsi dəf edilib. Təxribatçılar əməliyyatlarının baş tutmadığını görüb qaçmağa başlasalar da, onlardan biri - Manvel Mamikonoviç Sarıbekyan kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən yaxalanıb. Digər 3 nəfər isə qaçmağa müvəffəq olub.
Azərbaycanın Silahlı Qüvvələri tərəfindən saxlanılan erməni Manvel Sarıbekyan oktyabrın 5-də gecə saat 3-də intihar edib. Fakt üzrə Bakı Hərbi Prokurorluğunun əməkdaşları, məhkəmə tibb eksperti və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış və meyidin xarici müayinəsi keçirilib. Bu zaman müəyyən olunub ki, M.Sarıbekyan müvəqqəti saxlama yerində köynəyi ilə yataq mələfəsini bir-birinə düyünləyərək özünü asıb. Prokuror kriminalistin, məhkəmə tibb ekspertinin və hal şahidlərinin iştirakı ilə meyidin xarici müayinəsi zamanı M.Sarıbekyanın boyun nahiyəsində özünü asmağa tam xarakterik olan stranqulyasiya şırımı aşkar edilib. Məhkəmə tibb ekspertinin ilkin rəyinə əsasən onun bədən səthində başqa heç bir xəsarət izi və ya zorakılıq əlamətləri aşkar olunmayıb.
Manvel Sarıbekyan saxlanıldıqdan sonra ANS-ə müsahibəsində bildirmişdi ki o, Azərbaycanda orta məktəblərdən birində partlayış törətmək istəyirmiş. Onunla aparılan ilkin söhbət nəticəsində aydınlaşıb ki, Manvel Sarıbekyanın Azərbaycanın nəzarət etdiyi ərazilərə soxulmaq istəyi Ermənistan xüsusi xidmət orqanlarının təxribat törətmək tapşırığı əsasında olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: