Ermənistan-Fransa əməkdaşlığı Bakıda narahatlıq doğurur
15 Fevral 2010 Bazar Ertəsi 22:15
E.Məmmədyarov: "İki ölkənin hərbi sahədəki əməkdaşlığı ərazilərimizin işğalının davamına şərait yaratsa, Azərbaycan bundan irəli gələn addımlar atacaq"
Bu gün Ermənistanın Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryanın Fransaya rəsmi səfəri başlayıb. Səfər çərçivəsində Baqdasaryanın Fransanın müdafiə və milli təhlükəsizlik məsələləri üzrə baş katibi Fransis Delon, Avropa məsələləri üzrə baş katib Pyer Lelyuş və digər rəsmilərlə görüşəcəyi gözlənilir. Qeyd edək ki, son dövrlərdə Ermənistanla Fransa arasında təhlükəsizlik və hərbi sahədə əməkdaşlıq meyləri artıb. Ermənistanın müdafiə naziri Seyran Ohanyanın ötən həftə Fransaya gerçəkləşdirdiyi 5 günlük səfər zamanı iki ölkə arasında hərbi sahədə əməkdaşlığa dair saziş imzalanıb. Fransa ATƏT-in Minsk qrupuna həmsədrlik edən ikinci ölkədir ki, Ermənistanla hərbi əməkdaşlıq sazişi imzalayıb. Bu isə təbii olaraq Bakıda bu əməkdaşlığın Azərbaycana qarşı yönələcəyi ilə bağlı narahatlığa əsas verib. “Ermənistanla Fransanın hərbi əməkdaşlığı Azərbaycanın milli təhlükəsizliyini təhdid etsə və ərazilərimizin işğalının davamına şərait yaratsa, Azərbaycan bundan irəli gələn addımlar atacaq”. Bu gün jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov belə deyib.
“Bu situasiyada Ermənistanla Fransa arasında hərbi sahədə əməkdaşlıq Azərbaycanın milli təhlükəsizliyini təhdid etməzsə, onda hər bir dövlət istənilən dövlətlə müxtəlif sahələrdə, o cümlədən də hərbi sahədə əməkdaşlıq edə bilər. Amma yalnız o şərtlə ki, bu, hansısa səviyyədə Azərbaycanın milli maraqlarına zidd olmayacaq”, - deyə o vurğulayıb.
Qeyri-rəsmi məlumatlara görə, Fransada 600 min erməni yaşayır. Ermənistan ABŞ-dan sonra diaspor tərəfindən ən böyük dəstəyi məhz Fransadan alır. Fransada ermənilərin sayı çox olduğundan hər dəfə seçkilər zamanı erməni seçicilərin səsləri uğrunda gərgin mübarizə gedir. Xatırladaq ki, Fransa qondarma erməni soyqırımını ilk tanıyan ölkələrdən biridir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: