"Ermənistan əhalisi çıxıb gedir, onlar bir də çətin qayıdalar"
02 Avqust 2011 Çərşənbə Axşamı 15:58
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Sarkisyanın gənc nəsli işğalçı ruhunda yetişdirdiyini bildirib
"Ermənistan prezidenti Serj Sarkisyanın özü yaxşı bilir ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və ermənilər bu ərazini işğal edib. Ermənistanın Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqlar prosesinin intensivləşdiyi bir vaxtda Ermənistan prezidenti Qarabağı işğal etdiklərini etiraf etməklə yanaşı Türkiyəyə də qarşı ərazi iddiaları irəli sürməsi Serj Sarkisyana yaraşmayan hərəkətdir". Bunu Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

O, bildirib ki, bu mövqeyi ilə Sarkisyan gənc nəsli işğalçı ruhunda yetişdirir. Dünyanın heç bir dövləti Ermənistanın işğalçılıq siyasətini dəstəkləmir.

Bayram Səfərovun sözlərinə görə, Ermənistan prezidenti son bəyanatları ilə ölkəsinin mövqeyini dünyaya nümayiş etdirir. Bu mövqe də işğalçılıq, terror, dinc insanların qətlə yetirilməsindən ibarətdir. "Sarkisyan bu açıqlaması ilə əsl erməni xislətini göstərib. Bütün dünya insanlarının sülh və təhlükəsizliyin təmin olunması yönündəki təşəbbüsləri fonunda erməni gənclərinin bu cür tərbiyə olunması müasir dövrümüzün çağırışları ilə tam ziddiyyət təşkil edir. Əslində, Sarkisyan bu tövsiyələrinin heç zaman reallaşmayacağını yaxşı anlayır. Çünki Ermənistanın özü can hayındadır, problemlər içərisində boğulur. Belə olan halda, nə Qarabağı işğal altında saxlaya, nə də Türkiyəyə qarşı iddialarını heç zaman gerçəkləşdirə bilməyəcəklər.

Biz münaqişənin sülh yolu ilə həll olunmasını istəyirik. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, biz sülhün, əmin-amanlığın bərqərar olmasını istəyirik. Amma Sarkisyan isə erməni gənclərinə müharibə çağırışı edir".

Ermənistan prezidentinin ötən həftə səsləndirdiyi bəyanatına münasibət bildirən Bayram Səfərov bildirib ki, onun hansı ağılla Ağrı dağını almağı erməni gənclərinə tövsiyə etməsi gülməlidir: “Bilirsiniz ki, Ermənistan əhalisi dağılıb çıxıb gedir, onlar bir də çətin qayıdalar. Belə olan halda, 70 milyonluq Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış etimək heç bir məntiqə sığmır. Ona görə də, Sarkisyanın fikirlərinə əhəmiyyət vermək lazım deyil. Bu açıqlamaları verməklə o, öz səviyyəsini göstərir. Sarkisyan öz xalqının, gənc nəslin düşmənidir. Yeri gəlmişkən, Azərbaycan və erməni gənclərinin inkişaf səviyyəsini müqayisə etsək, ermənilərin nə qədər geridə olduğunu əminliklə söyləmək olar..."

Beynəlxalq birliyin bu məsələ ilə bağlı hələ də susduğunu deyən icma rəhbəri təəssüflə bildirib ki, dünya birliyi hələ də ikili standartlar nümayiş etdirir.

"Bu gün Sarkisyan erməni gəncliyinə düşmənçiliyi aşılayır. Sarkisan hətta xarici mətbuata verdiyi müsahibədə Xocalıda dinc insanları qətlə yetirdiklərini etiraf edib. Bu fikirlərilə dünya ictimaiyyəti qarşısında Ermənistan prezidenti özünün terrorçu, cani, cinayətkar, günahsız insanların ölümünə bais olmasını bir daha boynuna alır. Gec-tez Sarkisyanın bu sözləri ədalət məhkəməsində onun özünə qarşı yönələcək. Amma hələ ki, dünya dövlətləri işğalçıya qarşı hər hansı addım atmır".




DOSTLARINLA PAYLAŞ:

oyunlar