“Ermənistan-Azərbaycan münaqişəsi: təcavüz və işğal”
23 İyul 2010 Cümə 10:15
“Kuwait Times” qəzetində Küveytdəki səfiririmizin silsilə məqalələri dərc edilib.
Küveytin və Körfəz regionunun aparıcı ingilisdilli qəzeti olan “Kuwait Times”ın 20 və 21 iyul tarixli nömrələrində “Nümunəvi Küveyt-Azərbaycan əlaqələri” (Kuwait-Azerbaijan ties “a role model”) və “Ermənistan-Azərbaycan münaqişəsi: təcavüz və işğal” (Armenian-Azerbaijan conflict: occupation and aggression) adı altında səfir Şahin Abdullayevin silsilə məqalələri dərc edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Küveyt-Azərbaycan əlaqələrinin formalaşması və inkişafı prosesi ilə başlayan məqalədə müəllif tərəfindən Küveytin və Azərbaycanın təcrübəsindəki xarici təcavüz və işğal amilləri arasında müqayisə və paralellər aparılıb.
Məqalədə əsas diqqət Azərbaycanın Qarabağ regionunun qədim və orta əsrlər tarixinə, Gülüstan və Türkmənçay müqavilələrindən sonra, ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsi, 1805-ci ildə Rusiya imperiyasının işğalından əvvəl Qarabağ xanlığındakı demoqrafik vəziyyət, Çar Rusiyasının apardığı süni inzibati-ərazi bölgüsü nəticəsində Azərbaycanın İrəvan və Naxçıvan xanlıqlarının ərazisində Ermənistan adlı inzibati ərazi vahidinin təsis olunması kimi məqamlara və Ermənistan-Azərbaycana münaqişəsinin cari vəziyyətinə yönəldilib.
SSRİ-in dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı təcavüzünün geniş miqyas aldığını diqqətə çəkən səfir məqalədə Sumaqayıt hadisələri, Xocalı faciəsi, erməni terrorizmi və mülki Azərbaycan əhalisinin ermənilər tərəfindən qətlə yetirilməsi faktlarına geniş yer ayırıb.
Münaqişənin tənzimlənməsi barədə Azərbaycanın mövqeyini açıqlayan müəllif bunun BMT Təhlükəsizlik Şurasının, BMT Baş məclisinin, ATƏT və İKT-in müvafiq qətnamələrinə əsaslandığını qeyd edərək, danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqe tutduğunu və danışıqlar prosesini əngəllədiyini nəzərə çatdırır.
Bu ilin mayında Azərbaycanın işğal olunmuş ərazilərində “seçkilər”in keçirilməsi faktına diqqəti çəkən səfir Ermənistanın bu addımının BMT, ATƏT, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı kimi beynəlxalq təşkilatlar və ABŞ, Rusiya, Fransa, İran, Gürcüstan və digər dövlətlər tərəfindən pisləndiyini nəzərə çatdırır və Avropa İttifaqı Parlamentinin Cənubi Qafqaz regionu barədə son hesabatı, İKT-in bu ilin mayında Düşənbədə keçirilmiş Nazirlər Şurasının qətnamələri, Torontoda keçirilmiş Böyük səkkizlərin toplantısında Rusiya, ABŞ və Fransa prezidentlərinin bəyanatı barədə məlumat verir.
İKT-nın Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələrinin dini həmrəylikdən irəli gəlməsi barədə Ermənistanın əsassız iddialarına cavab verərək, müəllif İKT-in hökumətlərarası siyasi təşkilat olduğunu və qərar və qətnamələrini qəbul edən zaman beynəlxalq hüququn prinsiplərinə və BMT-in nizamnaməsinə əsaslandığını vurğulayır.
Məqalədə Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurları və iqtisadi çiçəklənməsi barədə məlumat verən səfir iqtisadiyyatı tənəzzül vəziyyətdə olan, demoqrafik problemlərlə üzləşən və özünü təcrid edən Ermənistanın bu vəziyyətdən çıxış yolunun heç bir perspektivi olmayan işğalçılıq siyasətindən əl çəkməsi olduğunu diqqətə çatdırır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: