Ermənilərin törətdiyi soyqırımın sübutu olan məzarlıq təhlükə qarşısındadır
09 Dekabr 2009 Çərşənbə 14:40
“Ermənilərin 1918-ci ildə törətdiyi soyqırımın sübutu olan Quba məzarlığı təhlükə qarşısındadır”.
Bunu APA-ya açıqlamasında Qubada aparılan elmi ekspedisiyanın rəhbəri, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Qəhrəman Ağayev deyib. O bildirib ki, məzarlıq ərazisində həddən artıq nəmişlik olduğundan insan sümükləri ilə dolu yeganə quyu iki yerdən çat verib: “Təcili tədbirlər görülməsə, quyu dağılacaq. İndi ərazi donub. Hava qəfildən istiləşən kimi, quyu sürüşməyə məruz qalacaq. Artıq quyudakı sümüklərdə də çat prosesi başlayıb. Sümüklər əvvəlcə iki yerə, sonra isə bir necə yerə bölünür. Bunun qarşısını almaq üçün ərazidə təcili laboratoriya yaradılmalıdır”.
Q. Ağayevin sözlərinə görə, nəmişliyin qarşısını almaq üçün məzarlıq ətrafındakı qrunt sularının istiqamətini dəyişmək lazımdır. Lakin indiyədək məzarlıq ətrafına beton divarın çəkilməsi məsələsi həll olunmayıb.
Qeyd edək ki, Quba məzarlığında aşkarlanan insan sümükləri ilə dolu birinci quyu da eyni aqibəti yaşayıb. 2008-ci ilin əvvəlində həmin quyu sürüşmə nəticəsində tamamilə yox olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: