Ermənilərin növbəti təxribat cəhdi iflasa uğradı
07 Oktyabr 2010 Cümə Axşamı 17:30
Almaniyada keçirilən sərgidə “DQR”nın ayrıca pavilyonla iştirakının qarşısı alınıb.
Almaniyanın Frankfurt şəhərində 6-10 oktyabr tarixlərində növbəti beynəlxalq kitab sərgi-yarmarkası keçirilməkdədir. Bəzi kütləvi informasiya vasitələrində, xüsusilə erməni KİV-lərində bu sərgidə qondarma “Dağlıq Qarabağ Respublikası”nın ayrıca pavilyonla iştirak edəcəyi ilə bağlı məlumatlar yayılıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, məsələ ilə bağlı Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən müvafiq araşdırılma aparılıb və həqiqətən də Azərbaycanın işğal ounmuş ərazilərində mövcud olan separatçı rejimin bu sərgidə ayrıca pavliyonla təmsil edilməsinin nəzərdə tutulduğu məlum olub.

Məsələ ilə bağlı təcili olaraq AR-nın AFR-dəki səfirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilib, o cümlədən sözügedən sərginin rəhbərliyi ilə əlaqə saxlanılıb, onlara səfirliyin müvafiq izahedici məktubu və ermənilərin bu sərgidən siyasi təbliğat məqsədi ilə istifadə etməyi nəzərdə tutduqlarını ifşa edən materiallar göndərilib. Həmçinin ,sərgidən Dağlıq Qarabağda tanınmayan separatçı rejimin təbliğatının həyata keçirilməsi məqsədi ilə istifadə edilməsinin yolverilməz olduğu diqqətə çatdırılıb və bunun qarşısının alınması üçün müvafiq addımların atılması tələb edilib.

Qondarma rejimin sərgidə ayrıca pavliyonla iştirak etməyəcəyi sərginin rəhbərliyi tərəfindən təsdiq edilib və səfirliyin tələbinə uyğun olaraq qondarma rejimi sərgidə “təmsil” edəcək müvafiq təşkilat ilə imzalanmış müqavilə ləğv edilib.

Beləliklə, separatçı rejimin sərgidə müstəqil pavliyonla təmsil edilməsinin qarşısı alınıb, o cümlədən sərginin internet ünvanında, təqdimatçıların kataloqu bölməsindən qondarma rejimi sərgidə “təmsil” edəcək təşkilat haqqında bütün məlumatlar çıxarılıb. Bununla da, Almaniyada ermənilərin Dağlıq Qarabağda mövcud olan separatçı rejimi müstəqil dövlət kimi təqdim etməyə yönəlmiş növbəti cəhdi iflasa uğrayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar