Ermənilərin növbəti siyasi gedişi....
20 Fevral 2010 Şənbə 20:10
Ermənistan Türkiyə ilə protokollarının təsdiqləməsi prosesində təşəbbüsü ələ almağa çalışır
Ermənistanın Ankara-İrəvan protokollarının təsdiqləməsi prosesində təşəbbüsü ələ alması və bəzi qanunvericilik aktlarına dəyişiklik etmək niyyəti Türkiyədə, o cümlədən Bakıda ciddi müzakirələrə rəvac verib. Məlumat üçün deyək ki, Ermənistan parlamentinin xarici əlaqələr komissiyası Ermənistan-Türkiyə protokollarına baxıb. İndi komissiya sənədə rəy verənədək protokolların bütün fraksiyalarda müzakirəsinə başlanması təklifi ilə parlament sədrinə müraciət etməyə hazırlaşır. Məsələ ilə bağlı bütün fraksiyaların nümayəndələrindən ibarət işçi qrupu da yaradılacaq. Həmin qrup fevralın 22-dək Ermənistan-Türkiyə protokollarının komissiyada və parlamentdə dəqiq müzakirə prosedurunu təqdim etməlidir. İlk baxışda elə görünür ki, Ermənistan Türkiyədən daha çox bu protokolların təsdiqlənməsini istəyir və məhz bu səbəbdən daha aktiv rol oynamağa çalışır. Amma bir sıra ekspertlər bunun Ermənistan hökumətinin növbəti oyunu olduğuna əmindir. Onların qənaətinə görə, ermənilərin 24 aprel qondarma "erməni soyqırımı” ərəfəsində protokollar məsələsində canfəşanlıq nümayiş etdirməsi əbəs deyil.
"Aprel ayı yaxınlaşır, Amerika prezidenti ənənəvi çıxışında soyqırımla bağlı nə isə deyəcək. Obama son vaxtlar Türkiyəyə təzyiqi artırır ki, siz Ermənistandan qabaq addım atın və mən erməni lobbisinə ünvanlanan açıqlamada “erməni soyqırımı” ifadəsini işlətməyim, yoxsa bu mənim üçün çətin olacaq. Ermənistan müxalifəti və iqtidarı belə bir oyuna start veriblər ki, guya protokolları Türkiyədən əvvəl imzalayacaqlar, bununla prosesi ləngidib “erməni soyqırım” ifadəsini Amerikada təsdiqləmək istəyirlər”, - deyə siyasi şərhçi Elxan Şahinoğlu söyləyib.
Amma ən maraqlısı isə protokolları müzakirə edən xarici əlaqələr komissiyasının beynəlxalq razılaşmalara dair qanuna dəyişikliklərin edilməsi məsələsini də parlamentin gündəliyinə daxil etməsidir. Yeni dəyişikliklərə görə, əgər Ermənistanın imza atdığı hər hansı beynəlxalq sənəd dövlətin milli maraqlarına zidd olarsa, dövlət və hökumət başçısı timsalında rəsmi İrəvan öz imzasını geri götürə bilər. Ekspertlər bunu Sarkisyan hökumətinin özünü sığorta etmək istəyi ilə izah edirlər, yəni əgər Türkiyə ilə imzalanan protokollar Türkiyə parlamentində təsdiqlənməsə və ya Ankara-İrəvan normallaşma prosesi öz axarı ilə davam etməsə, İrəvan imza atdığı bu beynəlxalq sənəddən öz imzasını geri götürəcək.
Politoloq Rasim Musabəyov isə bildirib ki, ermənilər əslində bu cəfəng işləri görərək özlərini kifayət qədər çətin bir vəziyyətə salacaqlar. Onların qəbul etdiyi qanun beynəlxalq hüquqla tanınmayacaq. Bundan sonra Ermənistan hansısa dövlətlə sənəd imzalayanda heç kəsin etibar etmədiyi bir dövlətə çevriləcək.
Narahatlıq və ehtiyat doğuran məsələ isə oxşar vəziyyətin Azərbaycanla da yaşanma ehtimalıdır. Məlum məsələdir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəflər problemin həlli prosesinin sonunda yekun sazişə qol çəkmək niyyətindədir. Hazırda danışıqlar masası üzərində olan Madrid prinsiplərində də məhz bu addımın atılması nəzərdə tutulur. Amma Ermənistanın indi bu qanuna dəyişiklik etməsi, rəsmi İrəvana olan inamı azaldır, çünki bununla Ermənistanın Azərbaycanla birgə imza atacağı sənədə də sadiq qalmayacağı ehtimalı var. Ekspertlər İrəvanın bu yola əl atması ilə növbəti dəfə beynəlxalq miqyasda özlərini gülünc vəziyyətə salacaqlarına əmindirlər.
Elxan Şahinoğlu bunu 1992 -ci ildə gördüyünü söyləyib. Həmin vaxt atəşkəslə bağlı sənəd imzalanmışdı, amma ertəsi gün ermənilər Şuşanı ələ keçirdilər. İndi də İsveçrədə də eyni hadisə baş verdi. Həmsədr ölkələrin XİN rəhbərləri iştirak edirdilər, onlar təminat verdilər ki, protokollar yerinə yetiriləcək. Lakin sonda isə gördük ki, Ermənistan Konstitusiya Məhkəməsi sənədə əlavələr etdi və faktiki protokolların mətnini dəyişdi. Türkiyə çox çalışdı ki, Avropa və Amerika bu məsələyə münasibət bildirsin, amma bildirmədilər. Belə çıxır ki, sabah Azərbaycanla da bir baza prinsipləri ilə bağlı anlaşma imzalanarsa, ermənilər ona da sadiq qalmayacaq.
Beynəlxalq hüquqi münasibətlərə görə, hər bir imzalanan sənədin qüvvəyə minmək mexanizmi olduğu kimi denansasiya, yəni qüvvədən düşmək mexanizmi də var. Sənədə imza atan tərəflər eyni məsuliyyəti öz üzərilərinə götürürlər. Bu məsuliyyətdən imtina edən və sənəddən imzasını geri çəkən dövlət isə beynəlxalq səviyyədə öz imicinə böyük zərbə vurmuş olur. Azərbaycanın Xarici İşlər Nazirliyi də oxşar ehtiyatlı yanaşma mövqeyindən çıxış edir. Nazirliyin mətbuat katibi Elxan Poluxovun sözlərinə görə, bu dəyişikliyin gündəmə gəlməsi həqiqətən də Ermənistanın Qarabağ danışıqlarında nə qədər qeyri-səmimi olduğunu nümayiş etdirir. Amma dəyişikliklər hələ parlament tərəfindən təsdiqlənməyib. Odur ki, rəsmi Bakı prosesin hansı nəticə ilə yekunlaşacağını gözləyir. Əgər dəyişikliklər təsdiqlənsə, Bakı buna öz rəsmi mövqeyini açıqlayacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: