Ermənilərin Naxçıvana kimyəvi hücumu ilə bağlı rəsmi açıqlama
04 İyun 2014 Çərşənbə 12:57
Müdafiə Nazirliyi yayılan məlumatlarla bağlı ANS PRESS-in sorğusunu cavablandırıb.
Müdafiə Nazirliyindən kütləvi informasiya vasitələrində Ermənistanın Naxçıvana kimyəvi hücum hazırlaması barəsində yayılan məlumatlarla bağlı açıqlama veriblər.
Müdafiə Nazirliyinin mətbuat xidməti ANS PRESS-in sorğusunu cavab olaraq Azərbaycan kütləvi informasiya vasitələrində Ermənistan ordusunun Naxçıvana kimyəvi hücuma hazırlaşması barədə yayılan məlumatların etibarlığının hansı dərəcədə dəqiq və nə doğru olmasına şübhə ilə yanaşmadan, burada bəzi məqamlara diqqət çəkmək istədikləri bildirilib.
Birincisi, bu erməni tərəfinin Azərbaycana qarşı uzun illərdi apardığı informasiya müharibəsinin bir hissəsi ola bilər.
İkincisi, Ermənistan Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına üzv olan və BMT-nin Baş Assambleyasında Kimyəvi Silahlar Konvensiyasını imzalayaraq üzərinə heç zaman və heç bir şəraitdə kimyəvi silahları artırmamaq, istehsal etməmək, əldə etməmək və ehtiyatda saxlamamaq barədə öhdəlik götürən bir ölkədir.
Bu səbəbdən də üzv ölkələrin kimyəvi maddələr istehsal edən mülki istehsal imkanları konvensiyanın nəzarəti altındadır. Bu ləvazimatların fəallığının konvensiyanın öhdəliklərinə uyğunluğunu yoxlamaq məqsədilə konvensiyaya üzv olan hər bir dövlət öz ərazisində olan bu ləvazimatları, eləcə də ölkə ərazisində saxlanılan və istehsal edilən kimyəvi maddələr və onların məhsullarını yoxlama üçün təqdim edir. Bu məqsədlə, nəzərdə tutulmuş yoxlamalar və “gözlənilməz” yoxlamalar həyata keçirilir.
Buna görə də Ermənistan belə bir addım atarsa beynəlxalq sanksiyalara məruz qala bilər.
Üçüncüsü, Azərbaycan Respublikası Silahlı Qüvvələri, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələr, habelə müvafiq dövlət strukturları əlaqəli şəkildə düşmənin bu kimi hərəkətlərinin qarşısının alınmasında daim kompleks tədbirlərin təşkilini həyata keçirib və keçirirlər.
Sonuncu və ən əsası sianidin döyüş sursatlarında istifadəsi texniki baxımdan az ehtimal olunan və keyfiyyət baxımından az effektivdir.
Lakin bunlara baxmayaraq, istənilən halda Azərbaycan Respublikası Silahlı Qüvvələri istənilən zəhərli maddələrin aşkar olunması, şəxsi heyətin qorunması və zərərsizləşdirilməsi üçün tələb olunan kifayət qədər qüvvə və vasitələrə malikdir.
DOSTLARINLA PAYLAŞ: