Ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında yeni şəhər salacaqlarını bəyan etmələri növbət
11 Noyabr 2011 Cümə 19:10
Elman Abdullayev: “Ermənistan bununla, mövcud “status-kvo”nun ömrünü uzatmağa çalışdığını nümayiş etdirir”.
Ermənilər işğal altındakı Zəngilan rayonu ərazisində vaxtı ilə Azərbaycandan Ermənistana köçmüş ermənilər üçün şəhər tikmək niyyətindədirlər. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, ermənilər belə bir təkliflə Amerika Erməniləri Assambleyasında keçiriləcək «Azərbaycan və Naxçıvan erməni qaçqınları»nın üçüncü forumunda çıxış etməyə hazırlaşırlar.

Forum iştirakçıları beynəlxalq təşkilatlara və xarici ölkələrin səfirlərinə müraciət edərək, Zəngilanda yeni şəhərin salınması məsələsini qaldıracaqlar. Forumda, həmçinin erməni qaçqınların vəziyyətinə dair bəyannamə ATƏT-ə üzv dövlətlərə təqdim olunacaq.

Forumun Təşəbbüs Qrupunun üzvü Andres Qukasyan bildirib ki, ötən əsrin 90-cı illərində Azərbaycanda yaşayan 100 min erməni qaçqın düşüb. Zəngilanda ermənilər üçün yeni şəhərin tikintisi Azərbaycandan köçmüş ermənilərin cəlbi və maliyyə yardımları hesabına aparılacaq.

A. Qukasyan onu da bildirib ki, İranla sərhəddə yerləşməsi şəhərin imkanlarını daha da artıracaq. Yeni şəhər həm sərbəst ticarət bölgəsi olar, həm də sərhəd və neft emalı sahəsində imkanlar yaranar.

Zəngilanda erməni qaçqınlar üçün şəhər salınacağı barədə xəbəri şərh edən Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev APA-ya bildirib ki, bu informasiya erməni tərəfinin növbəti təxribatıdır: “Bu torpaqlar tarixi Azərbaycan əraziləridir. Azərbaycanın işğal altındakı ərazilərində istənilən tikintinin aparılması qanunsuz və beynəlxalq hüquq normalarına ziddir. Ermənistan bununla öz destruktiv mövqeyini ortaya qoyur və dünya ictimaiyyətinə münaqişənin dinc yola həllində maraqlı olmadığını, mövcud “status-kvo”nun ömrünü uzatmağa çalışdığını nümayiş etdirir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar