Ermənilər Mübariz İbrahimovun meyitinin şəkillərini yayıb
02 Avqust 2010 Bazar Ertəsi 21:30
Şəhid olmuş əsgərdən qorxan ermənilər onun əllərini bağlayıblar.
Bu gün ermənilər tərəfindən “odnoklassniki” sosial şəbəkəsində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun şəkillər yerləşdirilib. Azərbaycanlıların və türklərin təhqir olunduğu profil “Tehler Yan” adlı bir istifadəçi tərəfindən yaradılıb və həmin səhifədə şəhid əsgərimizin 4 fotosu yer alıb. Şəkillərdə Mübariz İbrahimovun belinin sol nahiyəsindən güllə yarası alması, sifəti əks olunub. Digər bir fotoşəkildə isə xərəyə qoyulmuş əsgərimiz əlləri bağlı şəkildə olub. Ermənilərin cəsədindən belə qorxaraq əllərini bağladıqları əsgərimizin şəkillərini nümayiş etdirməsi erməni rəsmilərinin riyakar simasını bir daha təcəssüm etdirir. Belə ki, Ermənistanın Qırmızı Xaç Komitəsi Azərbaycan tərəfinin müraciətlərinə cavab olaraq həlak olmuş əsgərin meyitinin nə Ermənistanda, nə də Dağlıq Qarabağda olmadığını bildirmişdi.
Xatırladaq ki, Milli Ordumuzun giziri Mübariz İbrahimov ötən ayın 18-dən 19-na keçən gecə cəbhənin Tərtər istiqamətində baş verən ağır döyüşdə qəhrəmancasına şəhid olub. O, Azərbaycan ordusunun mövqelərinə həmlə edən 4 erməni hərbçisini təkbaşına öldürüb, sonra özü şəhid olub. Ancaq bu günə kimi onun meyiti qaytarılmayıb.
Ölkə prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: