Ermənilər Azıx mağarasında qazıntılara başlayıb
27 İyul 2010 Çərşənbə Axşamı 11:50
Ermənilər Azıx mağarasında qazıntılara başlayıb. 1999-cu ildən aparılan qazıntılar iyulun ortalarında bərpa olunub.
Ermənilər Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionunun Füzuli rayonu ərazsində yerləşən qədim Azıx mağarasında qazıntıları bərpa ediblər. Erməni saytı “Armeniya Today”ın yaydığı xəbərə görə, Azərbaycan məskənlərində qazıntılar iyul ayının ortalarından başlanıb.
Qeyd edək ki, ermənilər Azıx mağarasında 1999-cu ildən qazıntı aparırlar.
Xatırladaq ki, Azıx Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarının cənub-şərq yamacında yerləşən, Quruçay çayının sol sahilində yerləşən mağaradır. Mağara Azərbaycanın Fizuli rayonu ərazisindədir. Təəssüflə qeyd etmək lazımdır ki, vaxtilə dünyanın ən qədim insanlarının yaşadığı bu mağaranın yerləşdiyi Azərbaycan torpağı 1993 -cü ildən etibarən erməni işğalı altındadır və mağaranın işğaldan sonraki vəziyyəti haqqında heç bir məlumat yoxdur.
Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir. Azıx mağarası Qafqazda indiyə qədər aşkar edilmiş mağaralardan ən böyüyü kimi də diqqəti cəlb edir.
1960-cı ildə Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Azıx mağarasını kəşf etdi və üzərindəki pərdəni götürməyə başladı. Aydın oldu ki, bura dünyanın ən qədim sakinlərinin (onları Azıxantrop adlandırırlar) yaşayış məskəni olub. 1968-ci ildə M.Hüseynovun uzun zamandan bəri Azıx mağarasında apardığı qazıntıların nəticəsi olaraq Neandertal tipə məxsus olan bir insanın alt çənə sümüyü aşkar edildi. Tapıntı üzərində aparılan tədqiqatlardan sonra məlum oldu ki, onun ən azı 350-400 min illik bir tarixi vardır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: