Ermənilər növbəti təxribat xarakterli addım atıblar. Belə ki, Ermənistanın İctimai Televiziyası "Avroviziya-2009" müsabiqəsindən sonra Azərbaycandan müsabiqənin təşkilat komitəsinə şikayət edib. Bu barədə məlumatı "RİA Novosti" yayıb. Bir qrup internet istifadəçisinin iddialarına görə, "Avroviziya-2009" müsabiqəsinin canlı efiri zamanı Bakıda ekranda səsvermə üçün nəzərdə tutulmuş ermənilərin telefon nömrələri olan hissəsi görünməyib. Nəticədə Ermənistan təmsilçiləri İnqa və Anuşa "səs" vermək istəyənlər bu imkandan guya məhrum olublar.
Qeyd edək ki, bu ermənilərin yeganə təxribatı deyil. Belə ki, müsabiqənin yarmfinalında Ermənistan ilə bağlı göstərilən videoçarxda Dağlıq Qarabağda olan abidə olub. Azərbaycan tərəfinin şikayətindən sonra bu abidə çarxdan çıxarılıb. Amma müsabiqənin final mərhələsində hər bir ölkədə səsvermənin nəticələri elan edilən zaman Ermənistan tərəfi növbəti dəfə öz bildiyini edib. Ötən il Ermənistanı “Avroviziya”da təmsil edən Siruşo balları elan edərkən əlində tutduğu bloknotu iki-üç dəfə qəsdən yuxarı qaldırıb. Bloknotun arxa tərəfində isə videobaşlıqdan çıxarılan həmin heykəl təsvir olunub. /ANS PRESS/