Ermənilər Ağdamın təbiətinə düşmən kəsilib
22 İyul 2010 Cümə Axşamı 01:05
Boyəhmədli kəndi ətrafında yaşı 400 ilə çatan 71 ədəd təbiət abidəsi kimi qorunan, pasportlaşdırılmış Şərq çinarları məhv edilib.
İşğal altındakı Ağdam rayonunun təbiəti 17 ildir ki, ermənilər tərəfindən məhv edilir. Rayon ekologiya və təbii sərvətlər şöbəsinin rəis əvəzi Zabil Bağırov AzərTAc-a bildirmişdir ki, işğal nəticəsində rayonun Şahbulaq yatağında 64 milyon 767 min kubmetr mişardaşı ehtiyatı, Gülablı yatağında 3 milyon 999 min kubmetr üzlük daşı, Boyəhmədli, Çobandağ, Şahbulaq yataqlarında 210 milyon 370 min ton sement xammalı, ümumi ehtiyatı 36 milyon 829 min kubmetr olan Xaçınçay və Qarqarçay qum-çınqıl yataqları, ehtiyatı 1 milyon 599 min kubmetr olan Ağdam gil yatağı ermənilərin nəzarəti altına keçib.
Qiymətli ağac növlərindən ibarət 986 hektar dövlət meşə sahəsi, 710 hektar kolxoz meşələri, 560 hektar yol, su, kanal kənarı, mədəni meşələr işğal altında qalmış, ərazidə törədilən yanğınlar nəticəsində bölgənin flora və faunasına ciddi ziyan dəyib. Ağdam şəhərində yaşı 150-250 ilədək olan 6 ədəd, Şelli, Seyidli, Sarıhacılı, Əliağalı kəndlərində yaşı 200-250 il olan 8 ədəd, Boyəhmədli kəndi ətrafında yaşı 400 ilə çatan 71 ədəd təbiət abidəsi kimi qorunan, pasportlaşdırılmış Şərq çinarları məhv edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: