Erməni zabitlər nədən qorxub?
26 Avqust 2009 Çərşənbə 15:30
Hərbi ekspertləri Xankəndində keçirilən gizli toplantının və separatçı ordunun döyüşə hazır vəziyyətə gətirilməsini şərh ediblər
Ermənistanın “Tert.am” agentliyinin məlumatına görə, dünən separatçı Qarabağ ordusunun yüksək rütbəli hərbçiləri gizli toplantı keçirib. Bundan sonra agentlik separatçı ordunun döyüşə hazır vəziyyətə gətirildiyini yazır. ANS PRESS bu gizli toplantının və separatçı ordunun döyüşə hazır vəziyyətə gətirilməsi xəbərinin arxasında nələrin durduğuna aydınlıq gətirmək məqsədi ilə hərbi ekspertlərə müraciət edib.

Ermənistan bizə xof gəlir

Hərbi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin direktoru, ehtiyatda olan polkovnik İldırım Məmmədov ANS PRESS-ə bildirib ki, bu cür informasiyalar heç bir həqiqətə uyğun deyil. Onun sözlərinə görə, erməni tərəfi bu tip informasiyaları Azərbaycanla aparılan informasiya müharibəsində qalib gəlmək məqsədi üçün atır: «Bu tip dezinformasiyalar Azərbaycan ordusunda xof yaratmaq məqsədi daşıyır. Bu isə gülüncdür. Çünki Azərbaycan ordusu bu gün nəinki Qarabağı, hətta bütün Ermənistanı geri qaytarmaq gücündədir».

Rus ordusunda erməni muzdlusu

Hərbi ekspert Üzeyir Cəfərov isə ANS PRESS-ə bildirib ki, bu gün Ermənistan Dağlıq Qarabağ ordusunu olduqca pis vəziyyətdə qoyub. Onun sözlərinə görə, Dağlıq Qarabağdakı vəziyyət çox da ürəkaçan deyil: «Bu gün erməni separatçıları özləri də çox gözəl başa düşürlər ki, artıq Qarabağ probleminin həlli vaxtı çatıb və bu torpaqları azad etməyə Azərbaycanın haqqı var».
Hərbi ekspert bildirib ki, bu gün Ermənistan tərəfi çox gözəl başa düşür ki, ya hərb, ya da ki sülh yolu ilə Azərbaycan öz torpaqlarını azad edəcək: «Görünür, elə bu da erməni zabitlərini təşvişə salıb. İqtisadi böhranla bağlı Ermənistanda hərbiyə elə də böyük maliyyə axını yoxdur. Zabitlərin məvacibləri elə də böyük deyil. Ordunun texniki təhcizatı çox zəifdir».

Ü.Cəfərov deyir ki, ordudakı vəziyyət bu gün erməni zabitlərini qane etmir: “Bu səbəbdən də bu gün Ermənistan ordusundan tərxis olunan zabitlərin sayı durmadan artmaqdadır. Erməni zabitləri Rusiyaya üz tutur və yüksək maaş almaq və ailəsini təmin etmək üçün Rusiya ordusunda xidmət edirlər».


DOSTLARINLA PAYLAŞ:

oyunlar