Erməni təxribatı cəbhəyanı kəndlərin sakinləri arasında çaxnaşmaya səbəb olmayıb
08 İyun 2012 Cümə 12:04
Ermənilərin atəşşi nəticəsində bir çox evlərin damları, divarları, pəncərələri, qapıları dəlmədeşik olub.
Ötən gecə saat 22:00 radələrindən başlayaraq ermənilər cəbhə xəttindəki mövqeylərindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarındakı mövqeylərini aramsız atəşə tutub. ANS PRESS-in bölgə müxbiri Vasif Vaqifoğlunun verdiyi məlumata görə, atışma səhərə qədər davam edib.
Ermənilər iri çaplı pulemyotlardan və müxtəlif tipli silahlardan Azərbaycanın mövqeylərini atəşə məruz qoyublar. Nəticədə bir çox evlərin damları, divarları, pəncərələri, qapıları dəlmədeşik olub. Ən çox isə Tovuz rayonunun Əlibəyli kəndinin sakinləri ziyan çəkib. Demək olar ki, kənddəki bütün evlər gülləbaran edilib. Düşmənin bütün hədəflərinin qarşısı Milli Ordunun əsgərləri tərəfindən alınıb. Sakinlərdən xəsarət alan olmayıb.
Erməni silahlı qüvvələri cəbhənin digər istiqamətindən, Ağdam, Tərtər, Goranboy, Ağcabədi, Füzuli rayonlarını da iri çaplı pulemyotlardan və müxtəlif tipli silahlardan atəşə tutub. ANS PRESS-in bölgə müxbiri Şahin Rzayevin verdiyi məlumata görə, bu istiqamələrdə atəşkəs saat 23:00 radələrindən ermənilər tərəfindən pozulub.
Bir neçə saat davam edən atışma nəticəsində xəsarət alan olmasa da, dinc əhalinin mülkünə ziyan dəyib. Evlərin divarları, damları, pəncərələri güllələnib. Bölgə müxbirinə verilən məlumata görə, bu istiqamətdə də nə dinc sakinlərdən, nə də hərbçilərimizdə xəsarət alan olmayıb. Qeyd edək ki, hər bir halda ermənilərin bütün hədəfləri və hücum cəhdlərinin qarşısı uğurla alınıb.
DOSTLARINLA PAYLAŞ: