Erməni rəisi Azərbaycana gələcək
25 Mart 2014 Çərşənbə Axşamı 13:48
General-polkovnik Yuri Xaçaturov Bakıda keçiriləcək MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasına qatılacaq.
Ermənistanı Bakıda keçiriləcək MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasında kimin təmsil edəcəyi açıqlanıb. ANS PRESS-in "Armtoday"a istinadla verdiyi məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bu barədə açıqlama verib. O, iclasda Ermənistanı ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Yuri Xaçaturov təmsil edəcəyini deyib.

Qeyd edək ki, Bakıda MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasının keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ilk dəfə olaraq Azərbaycanda keçiriləcək iclas aprelin 7-8-də baş tutacaq.

Azərbaycan Silahlı Qüvvələrinin qarşısında beynəlxalq əməkdaşlıq üzrə duran əsas vəzifə respublikamızın strateji maraqlarına uyğun olaraq, həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli əsasda hərbi əməkdaşlığın genişləndirilməsindən, bu əməkdaşlığın Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, döyüş qabiliyyətinin yüksəldilməsinə və prioritet vəzifələrinin yerinə yetirilməsi işinə töhfə verməkdən ibarətdir.

Azərbaycan Müdafiə Nazirliyi MDB-nin üzv-dövlətləri Müdafiə Nazirləri Şurasının və Baş Qərargah rəisləri Komitəsinin iclaslarında iştirak edir. MDB Müdafiə Nazirləri Şurasının iclasları 2001-ci və 2006-cı illərdə Bakıda keçirilib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar