Erməni əsgərlər arasında atışma olub
02 Mart 2010 Çərşənbə Axşamı 17:15
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir
Azərbaycan Müdafiə Nazirliyi atəşkəsin pozulması və Azərbaycan hərbçiləri tərəfindən bir erməni əsgərin vurularaq öldürülməsi barədə Ermənistan tərəfinin iddiasını təkzib edib.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin verdiyi məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumat həqiqətə uyğun deyil.
“Əldə etdiyimiz məlumatlara görə, Sarkis Voskanyan səngərdə erməni əsgərləri arasında baş verən atışma nəticəsində ölüb. Hadisə zamanı bir erməni əsgər də ağır yaralanıb. İrəvan mərkəzi hospitalının bir qrup həkimi yaralı əsgəri xilas etmək məqsədilə cəbhə bölgəsinə ezam olunub. Baş vermiş olayla bağlı Ermənistan Hərbi Prokurorluğunda cinayət işi başlanıb, üç nəfər həbs edilib”, - deyə o bildirib.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Tavuş rayonunun Çinari kəndi yaxınlığında Azərbaycan hərbçilərinin açdığı atəş nəticəsində pulemyot bölməsinin komandiri, müqavilə əsasında xidmət edən 29 yaşlı kiçik serjant Sarkis Voskanyanın başından güllə yarası alaraq həlak olduğunu açıqlayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: