Erməni ABŞ məhkəməsində sübut edib ki, Qarabağ Azərbaycanın bir hissəsidir
26 İyun 2011 Bazar 10:18
Samvel Andriasyan Bakını tərk edərək Ermənistana köçənlərdəndir.
ABŞ-da məzəli bir əhvalat baş verib: erməni Samvel Andriasyan Amerika məhkəməsini inandırıb ki, bu iddiaçının ABŞ-da müvəqqəti pasport almasına rədd cavabı vermiş İNS immiqrasiya xidmətinin əvvəlcə güman etdiyi kimi, Qarabağ əslində Ermənistan deyil, Azərbaycandır.

Andriasyanın ailəsi Bakını tərk edərək Ermənistana köçüb, burada onları heç də yaxşı qarşılamayıblar. Məxsusi ləhcə ilə danışdıqlarına görə, təzə qonşuları onları ələ salıb, Andriasyanın özünü “Azərbaycanın casusu” adlandırıb, hətta arvadını zorlamaq istəyiblər. İrəvanda o, qaçqın statusu almaq üçün Ermənistanın hakimiyyət orqanlarına müraciət edib, cavabında isə erməni məmurlar ona deyib: “Get Qarabağa, orada o biri azərbaycanlılarla birlikdə yaşa”.

Bir neçə ildən sonra ABŞ-a köçən Andriasyan Amerika hökumətinə müraciətlə ona qaçqın kimi sığınacaq verilməsini xahiş edib, lakin bu xahişinə rədd cavabı alıb. Əsas kimi onu göstəriblər ki, əvvələn, iddiaçı ABŞ-a gəlməzdən əvvəl uzun müddət Ermənistanda yaşayıb. İkincisi, Ermənistan hökuməti onun “Ermənistan ərazisində” məskunlaşmasına rədd cavabı verməyib və ona müvafiq təklif edib.

Andriasyan İNS xidmətinin ona qrinkart verilməsindən imtina edilməsi barədə qərarından apellyasiya şikayəti verərək məhkəmədə təkidlə sübut etməyə başlayıb (və nəticə etibarilə sübut etmişdi) ki, Ermənistan hökumətinin ona “get Qarabağa, orada o biri azərbaycanlılarla birlikdə yaşa” təklifi əslində ona Ermənistan ərazisində məskunlaşmaq imkanı verilməsi deyil, elə gəldiyi ölkəyə - Azərbaycana qayıtmaq barədə təklifdir.

Andriasyanın Ermənistan hökumətindən aldığı təklifin mənası iddiaçı (Andriasyan) və cavabdeh (ABŞ immiqrasiya xidməti - İNS) arasında şifahi məhkəmə debatlarının gedişində müzakirə mövzusu olub. Bu debatlar zamanı İNS xidməti iddia edib ki, Qarabağ Ermənistanın hüdudları daxilindədir və buna görə də Ermənistan hökumətinin Andriasyana ünvanlanmış Qarabağa getmək təklifi onun həmin dövlətin ərazisində məskunlaşması barədə təklif idi. Buna görə də Andriasyanın ABŞ-da qaçqın statusu almaq barədə iddiası rədd edilməlidir. İddiaçı isə inadla təkid edib ki, Qarabağ Azərbaycan ərazisidir. Nəticədə İNS iddiaçının bu inadkarlığı ilə razılaşmağa və Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar