Dünən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Türkiyə-Ermənistan sərhəddlərinin açılması barədə verdiyi açıqlama ölkə müxalifətini qane etməyib. Belə ki, Cümhuriyyət Xalq partiyasının (CHP) sədri Dəniz Baykal bu günkü çıxışında hökümətdən Türkiyə-Ermənistan münasibətləri və sərhədlərinin açılması ilə bağlı konkret açıqlama verməyi tələb edib. Türkiyəyə bir-birinin ardınca daxildən eləcə də Azərbaycandan etirazlar bildirilir deyən Dəniz Baykal da hesab edir ki, Ermənistanla əməkdaşlıq yalnız və yalnız işqğal olunmuş torpaqlar azad edildikdən sonra mümkündür. “Çünki sərhəd o məqsədlə bağlanmışdır və ancaq o məsələnin həlli ilə açıla bilər. Baş nazirin açıqlamalarının nə olduğu sual doğurur. Əgər ciddi bir siyasətdirsə onu söyləyəcək xarici işlər naziri var, ölkə prezidenti var, nazirliyin rəsmiləri var. İsveçrədə görüş keçirənlər nəyi müzakirə etdiklərini çıxıb açıqlasınlar, bunları biz bilmirik. Bunların açıqlanması lazımdır. Baş nazir, heç nə olmaz, bunlar olmamış biz bir şey etməyəcəyik, siz narahat olmayın, işinizi görün deyir. Amma işlər getdikcə çoxalır və davam edir. Türkiyəyə hücumlar çoxalır. Obama gəldi bunu açıq şəkildə ifadə etdi, heç kimin səsini çıxarmadı”.
Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan dünən Türkiyə - Ermənistan sərhəddlərinin açılması barədə verdiyi açıqlamada, bunun, Azərbaycan – Ermənistan arasındakı problemlərin həllindən sonra mümkün olacağını demişdi.
Qeyd edək ki, rəsmi Ankaranın Ermənistan siyasəti barədə Azərbaycan ictimaiyyətini məlumatlandırmaq məqsədilə gələn həftə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun türkiyəli üzvləri Bakıya gələcəklər. /ANS TV/