Ərdoğan: "Qarabağ qan ağlarkən biz gülə bilmərik"
29 May 2010 Şənbə 10:55
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində belə deyib.
"Son aylar rəsmi Ankaranın regiondakı problemlərin həlli üçün səylərini artırması, İranın nüvə proqramı ilə bağlı probleminin və Fələstin məsələsinin həlli, İraqda sabitliyin bərqərar olması bütün dünyanın marağına uyğundur". Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində belə deyib. O qeyd edib ki, qonşu ölkələrdə baş verənlər ölkəsinə müsbət və ya mənfi təsir göstərəcək. Dağlıq Qarabağ münaqişəsinə toxunan türkiyəli nazir Azərbaycan və Ermənistan arasında olan problemin həllinib Türkiyəyə müsbət təsir göstərəcəyini bildirib.
"Bizim xarici siyasət anlayışımız, əvvəlcə öz bölgəmizdə sülhü, sabitliyi, rifahı təsis etməyə istiqamətlənib. Buna diqqətinizi çəkim ki, biz, Türkiyə olaraq, "İraqdan bizə nə?" deyə bilmərik. Biz, İranın məsələlərinə biganə qala bilmərik. Suriyan, Yunanıstan, Bolqarıstan, Rumıniya, Rusiya, Gürcüstanın problemləri təbii olaraq bizə də təsir edər. Qarabağ qan ağlarkən biz gülə bilmərik, Fələstin gözyaşı tökərkən biz sevinə bilmərik. Orta şərqin, Balkanların, Qafqazın taleyi bizim tayleyimizlə birgə yazılmışdır", deyə Ərdoğan bəyan edib.
Rəsmi Ankaranın aktiv xarici siyasətinin "qonşularla sıfır problem" anlayışının üzərində qurulduğunu deyən Ərdoğan İran məsələsinə toxunarkən deyib ki, burada Türkiyənin və Braziliyanın 1200 kiloqramlıq aşağı nisbətdə zənginləşdirilmiş uran qarşılığında İrandan nüvə məsələlərində istifadə etmək üzrə yanacaq alacağını və mübadilə əməliyyatının Türkiyədə reallaşacağını söyləyib. Bu razılaşmanın, regiondakı risklərin aradan qaldırılmasında çox ciddi bir addım olduğunu deyən Ərdoğan bununla Türkiyənin qlobal və regional məsələlərdə güclü və qabaqcıl bir rol boynuna götürdüyünə diqqət çəkib.
Qeyd edək ki, ötən gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Rio De Janeyroda keçirilən Sivilazasiyaların Birləşməsi forumunda İranın nüvə proqramı ilə əlaqədar olaraq ona qarşı çıxan dövlətləri, xüsusilə də İsraili tənqid edib. Baş nazir bildirib ki, İranın nüvə silahı əldə etməsini iddia edən dövlətlər səhvə yol verirlər və bu iddia əsassızdır.
Xatırladaq ki, bu ayın əvvəli Türkiyə, Braziliya və İran arasında İranın az zənginləşdirilmiş uranının Türkiyəyə göndərilməsini nəzərdə tutan müqavilə imzalanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: