Əmmanda Azərbaycan İordaniya əməkdaşlığı müzakirə olunub
28 Avqust 2011 Bazar 19:47
Əmmanda Azərbaycan İordaniya əməkdaşlığı müzakirə olunub. Səfir Elman Araslı Haşimilər Krallığının nəqliyyat naziri Muhənnəd Qudahla görüşüb.
Bu gün Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı İordaniyanın nəqliyyat naziri Muhənnəd Qudahla görüşüb. Ölkəmizin Əmmandakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə Azərbaycanla İordaniya arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafı, bu istiqamətdə mövcud imkanların öyrənilməsi məsələləri müzakirə olunub. Söhbət zamanı E.Araslı son illər ərzində Azərbaycanın nəqliyyat sektoru sahəsində əldə olunan nailiyyətlər, hökumət tərəfindən bu istiqamətdə atılan addımlar, həyata keçirilən iri beynəlxalq layihələr haqqında iordaniyalı naziri məlumatlandırıb.
Görüşdə həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş"ə əsasən, bu sahədə əməkdaşlığın nəzərdən keçirilməsi və inkişaf etdirilməsi məqsədilə Birgə Komissiyanın bu ilin payızında İordaniyada keçirilməsi planlaşdırılan ilk iclasının konkret vaxtı və gündəliyi müzakirə edilib. anspress
DOSTLARINLA PAYLAŞ: