«Embawood» şirkəti 15 ilini qeyd edir
23 Dekabr 2011 Cümə 16:24
Embawood sirketi.
Bu il Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci il dönümü tamam olur. “APA-Economics”in məlumatına görə, 2011-ci il həmçinin «Embawood» şirkəti üçün də əhəmiyyətli tarixdir, şirkət bu il 15 illiyini qeyd edir.
Dünya ölkələri ilə müqayisə etsək, mebel sektorunda 15 il elə də böyük rəqəm deyil. Lakin dövlətin bu sahəyə olan dəstəyi və göstərilən qayğı özünün xam materialı, mebel istehsal ənənəsi olmayan bir ölkəni bu sahədə Cənubi Qafqaz regionunun lideri və dünyanın 10 ölkəsinə mebel ixrac edən dövlətinə çevirib.
Bu iki əlamətdar hadisəni qeyd etmək üçün bu ilin dekabr ayının 20-21-də Heydər Əliyev adına idman-konsert kompleksində böyük satış sərgisi keçirilib. Sərginin yekununda isə müğənnilərin iştirakı ilə möhtəşəm konsert təşkil olunub.
«Embawood» şirkətinin baş direktoru Elşad Abbasov və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Adil Məmmədovun iştirakı ilə qırmızı lent kəsildikdən sonra sərgi rəsmi olaraq açıq elan olunub. Sərgidə həmçinin xarici ölkələrin səfirləri, AZPROMO və xaricdən dəvət olunmuş nümayəndələr iştirak ediblər. Sərgi zamanı nümayiş edilən hər bir mebel dəsti 30% endirimlə son istehlakçılara təqdim olunub. Bu mebellər sırasında hələlik satışa çıxarılmayan 2012-ci ilin modelləri də olub.
Konsertin açılışında E.Abbasov Azərbaycanın müstəqilliyi ilə bağlı təbrik nitqi söyləyib. Ölkənin sosial-iqtisadi inkişafına toxunan baş direktor bununla paralel istehlakçıların tələblərinin də artdığını qeyd edib: «Bu gün Azərbaycan istehlakçısının tələbləri dünyanın inkişaf etmiş ölkələrinin istehlakçılarının tələbləri ilə eyni səviyyədədir. Bu tələbi qarşılamaq üçün məhsullarımızın dizaynında, keyfiyyətində, texnoloji proseslərin mükəmməlləşdiril¬məsində şirkətimiz böyük işlər görüb, dünyanın ən qabaqcıl texnologiyalarını, beynəlxalq standartları tətbiq edilib. Sevindirici haldır ki, Azərbaycanda keyfiyyətli məhsul istehsal edən çoxlu şirkət var və bu şirkətlər Azərbaycanın istehsalçı dövlət kimi imicinin artmasına xidmət edir».
Konsertin rəsmi hissəsində AZPROMO-nun rəhbəri A.Məmmədov da Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə təbrik edib.
Qeyd edək ki, rəsmi hissə başa çatdıqdan sonra konsert proqramına start verilib. Konsertdə Azərbaycanın tanınmış müğənniləri iştirak edib.
DOSTLARINLA PAYLAŞ: