Elvan peçenye və qaletləri almayın!
18 Mart 2010 Cümə Axşamı 12:20
Elvan müəssisəsinin anbarında yararlılıq müddəti 1 ili ötmüş 12 tondan çox məhsul aşkar edilib
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ticarət şəbəkələrində yoxlamaları davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu yoxlamalar zamanı Bakının Sulutəpə qəsəbəsində yerləşən “Elvan İrmak Qida Məhsulları” MMC tərəfindən “Elvan” əmtəə nişanı ilə istehsal olunmuş şəkərli peçenyelərin və qaletlərin yararlılıq müddətinin 1 il göstərildiyi müəyyən edilib. Normativ-texniki sənədlərə əsasən, şəkərli peçenyelər üçün maksimal saxlama müddəti 3 ay, qaletlər üçün isə 6 aydır.
Bu malların üzərində göstərilmiş saxlama müddəti normativ-texniki sənədlərdə nəzərdə tutulmuş müddətlərlə uyğun olmadığından Dövlət Xidməti tərəfindən bu qənnadı məmulatlarının istehsal olunduğu “Elvan İrmak Qida Məhsulları” MMC-də yoxlamaya başlanılıb.
Yoxlama zamanı yuxarıda qeyd edilən faktlar təsdiqini tapıb, müəssisə tərəfindən istehsal olunan şəkərli peçenyelərin və qaletlərin saxlama müddətinin məhsulların etiketlərində 12 ay göstərildiyi məlum olub. Bununla bərabər, müəssisənin anbarında satışa hazır məhsulların arasında yararlılıq müddəti 1 ili ötmüş 12 tondan çox məhsul aşkar edilib.
Bundan başqa, müəssisənin anbarında Türkiyədə istehsal olunan “Elvan” əmtəə nişanlı malların qablaşdırılması üçün nəzərdə tutulmuş 1439 ədəd boş qutu da aşkar edilib. Beləliklə, müəssisədə istehsal olunan malların Türkiyədə istehsal olunmuş mal kimi qablaşdırılaraq satışa çıxarıldığı müəyyən olunub. “Elvan İrmak Qida Məhsulları” MMC tərəfindən istehlakçıları çaşdırmaqla haqsız rəqabət hallarına yol verilib.
Bu qanun pozuntuları ilə əlaqədar müəssisənin anbarında olan 100 tondan artıq “Elvan” əmtəə nişanlı malların satışının dayandırılması və ticarət şəbəkələrində olan məhsulların geri qaytarılması barədə “Elvan İrmak Qida Məhsulları” MMC-yə göstəriş verilib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara qənnadı məmulatları alarkən diqqətli olmağı və “Elvan İrmak Qida Məhsulları” MMC tərəfindən istehsal edilən “Elvan” əmtəə nişanlı peçenye və qaletləri almamağı tövsiyə edir. APA
DOSTLARINLA PAYLAŞ: