Elşad Abdullayevin görüntüsünü yaydığı Rasim İldırımzadənin qardaşının səhhəti pisləşib
21 Fevral 2013 Cümə Axşamı 12:30
Yusif İldırımzadə müalicə olunmaq üçün xarici ölkələrdən birinə aparılıb.
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin ötən gün yaydığı video görüntüdə adı keçən Rasim İldırımzadənin qardaşı, Xətai rayon prokuroru Yusif İldırımzadənin səhhəti pisləşib. Y. İldırımzadə müalicə olunmaq üçün xarici ölkələrdən birinə aparılıb.
Xətai Rayon Prokurorluğundan APA-ya Y. İldırımzadənin məzuniyyətdə olduğunu təsdiqləsələr də onun xəstəliyi barədə heç bir açıqlama verilməyib.
APA Y. İldırımzadənin telefonunu əldə edərək onunla əlaqə yaratmağa cəhd edib. Uzun çağırışdan sonra telefon zənginə cavab verən Y. İldırımzadə “Xaricdə - xəstəxanadayam” deyərək telefonu qapadıb.
Qeyd edək ki, E. Abdullayevin dünən qardaşının oğurlanmasına dair daha bir video yayıb. Video görüntüdə Daxili İşlər Nazirliyinin polkovniki Rasim İldırımzadə ilə Elşad Abdullayev arasında ikincinin qardaşı Mahir Abdullayevin itkin düşməsi və geri qaytarılması ilə bağlı danışıq əksini tapıb.
R. İldırımzadə M. Abdullayevin Azərbaycanın qonşuluğundakı ölkələrdən birində olduğunu, sərbəst həyat tərzi sürdüyünü, bir neçə il ölkəyə gəlməsinin, yaxınları ilə əlaqə saxlamasının mümkünsüzlüyünü deyir. O bildirir ki, M. Abdullayevlə bağlı hadisə kriminal olay deyil, o oğurlanmayıb. Sadəcə, M. Abdullayev özü bir neçə il üzə çıxmaq, ölkəyə gəlmək istəmir və bununla bağlı özünün səbəbləri var. Amma E. Abdullayevin israrlarına baxmayaraq, R. İldırımzadə bu informasiyaları haradan əldə etdiyini, M. Abdullayevin harada olması, niyə ailəsi ilə əlaqə saxlamamasının səbəbi barədə məlumat vermir. O, bu sualların hamısına “özü gəlib sənə ətraflı danışacaq, sonra istəsən onu xaricə göndərərsən” deyə, cavab verir.
O, M. Abdullayevi ayın sonuna qədər ( 2004-cü il noyabr ayının sonu nəzərdə tutulur-red) geri qaytaracağını deyib, E. Abdullayevdən israrla qardaşını ondan istəməsini xahiş edir. R. İldırımzadə həm də dəfələrlə E. Abdullayevdən “son məqamda onu pərt vəziyyətdə qoymamağı” da xahiş edir.
DOSTLARINLA PAYLAŞ: