Elmlər Akademiyası" ətrafında sökülən obyektlər üçün ödəniləcək ümumi məbləğ açıqlandı
23 İyun 2012 Şənbə 16:11
Obyekt sahiblərinə kompensasiya obyektin hər 1 kv. metrinə görə 1500 manat hesabı ilə ödənilib
Bakı Metropoliteninin "Elmlər Akademiyası" stansiyası ətrafında sökülən kommersiya obyektlərinin sahiblərinə dövlət tərəfindən ümumilikdə 3,5 mln. manat kompensasiya ödəniləcək.
Bu barədə "APA-ECONOMICS"ə açıqlamasında Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirib.
Qeyd edək ki, sökülən obyektlər "Elmlər Akademiyası" metro stansiyası ilə Bakı Dövlət Universiteti arasındakı yolun sol tərəfində yerləşib. Onların sökülməsi stansiyanın ehtiyat çıxışının tikintisi ilə bağlıdır.
İcra Hakimiyyəti başçısının sözlərinə görə, kommersiya obyektləri sahiblərinin hamısı kompensasiyadan razı qalıb: "Onlara kompensasiya obyektin sənədlərində göstərilən ölçülərə görə deyil, faktiki ölçülərə əsasən verilib".
Qeyd edək ki, obyekt sahiblərinə kompensasiya obyektin hər 1 kv. metrinə görə 1500 manat hesabı ilə ödənilib. Ümumilikdə, obyekt sahiblərinə veriləcək 3,5 mln. manat kompensasiyanın 1,6 mln. manatı artıq ödənilib, qalan hissə isə bir qədər sonra ödəniləcək. Sökülən obyektlərin yerində park və yaşıllıq zonasının salınması nəzərdə tutulub. Bakıda sökülən evlərə görə də kompensasiyaların bu qiymət əsasında hesablanmasına toxunan icra başçısı paytaxtda sökülən həm obyektlər, həm də yaşayış evləri üçün kompensasiyanın yalnız 1500 manatdan hesablanması nəzərdə tutulub.
İ.Mehdiyev bildirib ki, yaxın vaxtlarda Akademik Dram Teatrının arxasındakı obyektlərin də sökülməsinə başlanacaq. Bu işlərdə də kompensasiyalar hər 1 kv. metrə görə 1500 manat hesabı ilə ödəniləcək.
DOSTLARINLA PAYLAŞ: