Elmar Məmmədyarov türkiyəli həmkarı ilə görüşüb
15 Sentyabr 2010 Çərşənbə 19:20
Görüş zamanı iki ölkə arasında münasibətlər müzakirə olunub.
Türkdilli ölkələrin X Zirvə toplantısında iştirak etmək üçün İstanbulda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşüb. ANS-in İstanbula ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, görüş zamanı iki ölkə arasında mövcud münasibətlər müzakirə olunub.
“İlk öncə Əhməd Davudoğlu Naxçıvana səfəri barədə azərbaycanlı həmkarına məlumat verib, Azərbaycan-Türkiyə-Ermənistan sərhədində gördükləri barədə danışıb. E. Məmmədyarov isə türkdilli ölkələr arasında əlaqələrin təşkilati səviyyədə güclənəcəyinə əminliyini bildirib. O, əlaqələrin güclənməsi üçün daha böyük işlər görülməsinin vacib olduğunu qeyd edib”, - deyə məlumatda bildirilir.
Xüsusi müxbirin sözlərinə görə, eyni zamanda Azərbaycan, Türkiyə və Türkmənistanın enerji nazirləri arasında da görüş keçirilib. Görüşdə Türkməsitan qazının Azərbaycandan keçməklə Avropaya nəql edilməsi müzakirə olunub. Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bildirib ki, bu görüşlə Türkmənistanla Azərbaycan arasında baş verən kiçik incilik aradan qalxa biləcək.
Xatırladaq ki, Türkdilli dövlətləri rəhbərləri İstanbula toplaşıb. Burada Türkdilli ölkələrin X Zirvə görüşü keçiriləcək. Budəfəki sammit geniş tərkiblidir. Sonuncu Naxçıvan sammitindən fərqli olaraq, Türkmənistan prezidenti də zirvəyə gələcək. Artıq Azərbaycan prezidenti İlham Əliyev zirvə toplantısında iştirak etmək üçün Türkiyədədir. Pezident sammitin keçirilməsi nəzərdə tutulan Çırağan sarayına gəlib. Digər ölkə prezidentlərinin də gəldiyi bildirilir, amma ikitərəfli görüşlərin keçirilməsi başlamayıb. Dövlət başçısı İlham Əliyevin Türkiyə prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşü olacaq. Qeyd edək ki, Türkdilli dövlət başçılarının sammitində Türk dünyasında baş verən siyasi hadisələr, Türk dünyasındakı mədəni-siyasi əlaqələr müzakirə olunacaq. Xüsusi olaraq Naxçıvan sammiti və sammitin nəticəsi olaraq əməkdaşlıq platforması yaranmışdı ki, həmin sənədin işlək mexanizmə çevilməsi üçün Türk dünyası liderləri yeni bir sənəd ortaya qoya biləcək. Həmin sənədi Azərbaycan, Türkiyə, Qırğızıstan və Qazaxıstan imzalayıb. Bu imzalanmada Türkmənistan yoxdur. Hazırda Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov da Türkiyədə səfərdədir və onun da bu sənədə imza atacağı gözlənilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: