Elmar Məmmədyarov Riçard Morninqstarla görüşüb
24 Sentyabr 2011 Şənbə 17:39
Azərbaycan xarici işlər naziri BMT-in 66-sessiyasında iştirakı çərçivəsində bir sıra görüşlər keçirib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda ABŞ Dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstarla görüş keçirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüş zamanı enerji təhlükəsizliyi və regional enerji layihələrinin həyata keçirilməsi məsələləri müzakirə edilib və bu layihələrin enerji təhlükəsizliyi baxımından əhəmiyyətli olduğu vurğulanıb.
E.Məmmədyarov BMT-in 66-sessiyasında iştirakı çərçivəsində Liberiyanın xarici işlər naziri Toga Gayevea Makintoş ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlər, iqtisadi və enerji sahəsində və habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Azərbaycanın Xarici İşlər Nazirinin Konqo Demokratik Respublikasinin xarici işlər naziri Aleksis Tambve Mvamba ilə görüşü çərçivəsində Azərbaycan Respublikası və Konqo Demokratik Respublikası arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommunike imzalanıb. Görüşdə həmçinin ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə olunub.
Daha sonra nazir E.Məmmədyarovla ABŞ dövlət katibinin müavini Villiam Börns arasında Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlər müzakirə edilib və müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişafının davam etdirilməsi barədə razılıq ifadə edilib.
Azərbacyanın Xarici İşlər Nazirinin Albaniya Baş nazirinin müavini və xarici işlər naziri Edmond Hacinasto ilə görüşündə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət və enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib. Bununla yanaşı tərəflər Azərbaycanla Albaniya arasında hüquqi bazanin genişləndirilməsi və əməkdaşlıq potensialının artırılması üçün qarşılıqlı səfərlər mübadilələrinin həyata keçirilməsi və müştərək biznes forumlarının təşkil edilməsi vacibliyini vurğulayıblar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: