Elmar Məmmədyarov Polşanın keçmiş xarici işlər naziri Anna Fatiqanı qəbul edib.
21 Dekabr 2011 Çərşənbə 18:50
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Polşanın keçmiş xarici işlər naziri, Polşa Seyminin deputatı xanım Anna Fatiqanı qəbul edib.
XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı nazir Elmar Məmmədyarov Azərbaycan – Polşa münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq, iki ölkə arasında mövcud olan əlaqələrin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi sahəsində böyük potensial olduğunu bildirib.
Görüşdə parlamentlərarası əlaqələrin vacibliyi vurğulanıb və parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub. Nazir Elmar Məmmədyarov parlament üzvlərinin birbaşa təmaslarının iki ölkə arasında mövcud olan siyasi, iqtisadi, humanitar və mədəniyyət sahələrində əlaqələrin inkişafına təkan verəcəyini bildirib. Görüşdə həmçinin Polşa iqtisadiyyatının durumu, Polşa-Avropa İttifaqı münasibətləri və Polşanın region ölkələri ilə münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarov Polşalı deputatı Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində atılan addımlar barədə məlumatlandırıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
DOSTLARINLA PAYLAŞ: