Elmar Məmmədyarov Nyu-Yorkda görüşlər keçirib
12 Yanvar 2012 Cümə Axşamı 11:44
XİN rəhbəri Elmar Məmmədyarov afrikalı həmkarına Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verib.
ABŞ-ın Nyu-York şəhərində səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Təhlükəsizlik Şurasına hal-hazırda sədrlik edən Cənubi Afrika Respublikasının Xarici Əlaqələr və Əməkdaşlıq Naziri Maite Nkoana-Maşabane ilə görüş keçirib. XİN mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüş zamanı Azərbaycanla Cənubi Afrika Respublikası arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi yolları və ölkələrimizin maraq göstərdiyi bütün sahələrdə mövcud olan əməkdaşlıq nəzərdən keçirilərək, onun inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılmış və əlaqələrin daha da genişləndirilməsində hər iki ölkənin geniş potensiala malik olduğu xüsusilə vurğulanıb.
E.Məmmədyarov həmçinin Azərbaycanda aparılan islahatlar, əldə olunmuş nailiyyətlər və regionda mövcud olan problemlərə toxunaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həmkarına geniş məlumat verib.
Görüş zamanı tərəflər yüksək səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsi də daxil olmaqla, ikitərəfli münasibətlərin daha da gücləndirilməsi barədə razılığa gəliblər.
Daha sonra E.Məmmədyarov Portuqaliya Xarici İşlər Nazirliyinin Dövlət katibi Luis Brites Pereira ilə görüş keçirib. Görüşdə iki ölkə arasında mövcud olan münasibətlər, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunub.
Pereira Portuqaliya ilə Azərbaycan arasında mövcud olan siyasi və iqtisadi əlaqələri yüksək qiymətləndirərək, müxtəlif investisiya layihələri - enerji, infrastruktur, telekommunikasiya və turizm sahələrində qarşılıqlı maraqların olduğunu qeyd edib. Görüş zamanı qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
DOSTLARINLA PAYLAŞ: