Elmar Məmmədyarov Moskvaya yola düşüb
19 Yanvar 2012 Cümə Axşamı 12:10
O, rusiyalı həmkarı ilə görüşəcək.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Moskvaya yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Bu gün Moskvada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Bunu Sergey Lavrov ötən gün keçirdiyi mətbuat konsfransında bildirib.

“Biz çox vacib sənədi - diplomatik daşınmaz əmlakla bağlı saziş imzalayacağıq. Nəhayət ki, biz hər şeyi hesablaya, ölçə bildik və lap çoxdandır həll olunmayan məsələni yoluna qoyacağıq”, - Sergey Lavrov görüşlə bağlı deyib.

Rusiyanın XİN rəhbəri onu da deyib ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin yanvarın 23-də Soçidə keçiriləcək görüşünə hazırlıq da azərbaycanlı həmkarı ilə müzakirə edəcəyi məsələlərdən biridir.

Bundan başqa, Sergey Lavrov məlumat verib ki, Azərbaycan və Rusiya arasında Qəbələ RLS-in icarəsi ilə bağlı heç bir fikir ayrılığı yoxdur: “İcarə haqqı ilə bağlı prinsipial problem mövcud deyil və iki ölkənin nümayəndə heyətləri razılığa gəlməlidirlər”. Rusiyalı nazir xatırladıb ki, hazırda Rusiya və Azərbaycan nümayəndə heyətləri icarə haqqının parametrləri ətrafında danışıqlar aparırlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar