Elmar Məmmədyarov ispaniyalı həmkarını Azərbaycana dəvət edib
17 İyun 2011 Cümə 10:52
İki ölkə arasında diplomatik pasportlara malik olan şəxslərin qısa müddətli vizadan azad edilməsi haqqında saziş imzalanıb.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İspaniya Krallığına rəsmi səfəri çərçivəsində 16 iyun tarixində İspaniyanın xarici işlər və əməkdaşlıq naziri xanım Trinidad Ximenez ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir E. Məmmədyarov İspaniyaya ilk rəsmi səfərə dəvətə görə təşəkkürünü bildirib, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq üçün geniş potensialın olduğunu bildirib.
Xanım Ximenez öz növbəsində enerji, eləcə də digər sahələrdə əməkdaşlıq etməyə İspaniya şirkətlərinin hazır olduğunu bildirib. Tərəflər iki dövlət arasında müqavilə-hüquq bazasının gücləndirilməsi, yaxın zamanlarda Azərbaycanda hər iki ölkənin şirkətlərinin iştirakı ilə biznes forumun keçirilməsi razılığına gəlib. Daha sonra nazir E. Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı aparılan danışıqlar barədə ətraflı məlumat verib. Görüş zamanı son zamanlar Şimali Afrika və Yaxın Şərqdə baş verən proseslər barədə fikir mübadiləsi aparıblar.
Görüşün sonunda nazir E. Məmmədyarov xanım Ximenezi rəsmi səfər ilə Azərbaycana dəvət edib, xanım Ximenez dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini və cari ilin sonunadək səfər edəcəyini vəd edib.
Görüşdən sonra “Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında diplomatik pasportlara malik olan şəxslərin qısa müddətli vizadan azad edilməsi ” haqqında sazişi imzalanıb.
Həmin gün nazir E. Məmmədyarov səfər çərçivəsində İspaniya Deputatlar Konqresinin xarici əlaqələr üzrə komissiyasının prezidenti Duran ye Lleida və komissiyanın üzvləri ilə görüşüb. Nazir Azərbaycanın müstəqillik əldə etdiyi 20 il ərzində qazandığı nailiyyətlər, apardığı müstəqil siyasət barədə geniş məlumat verib. İspaniya ilə ikitərəfli münasibətlərə toxunan nazir E. Məmmədyarov, bu ölkə ilə əməkdaşlığın geniş potensialı olduğunu diqqətə çatdırıb.
Görüşdə iştirak edən deputatlardan bir neçəsi NATO parlament assambleyasının üzvləri qismində Azərbaycanda səfərdə olduqlarını və Azərbaycanın yüksək templə inkişaf etdiyinin şahidi olduqlarını qeyd ediblər. İştirakçılar Azərbaycanla yalnız enerji deyil, digər sahələr üzrə də əməkdaşlıq etməyə maraqlı olduqlarını ifadə ediblər.
Daha sonra nazir E. Məmmədyarov deputatları maraqlandıran sualları cavablandırıb, onlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan son danışıqlar barədə geniş məlumat verib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: