Əlibaba Məmmədov: "Borclu getmək istəmirəm..."
25 İyun 2010 Cümə 12:35
Əlibaba Məmmədov: "Mənim də bu gəldi-gedər dünyada qismətimə xanəndəlik düşüb"
Görürəm, şagirdlərimlə sağollaşmağım sizdə maraq yaratdı. Elə bilərsiniz, mən özüm uşaqları dərsdən gec buraxıram; əsla yox. İnanın, heç onların özlərinin də məndən ayrılıb-getməyə könülləri olmur. Son zəng vurulandan sonra da mənə çoxlu sual verir, tapşırıqlar alırlar. Hər dəfə, bu gün gördüyünüz kimi, sinfin bütün uşaqları bir-bir gəlib məni öpüb, "Əmi, sağ ol, əmi, sağ ol!" - deyə-deyə otaqdan çıxırlar. Uzun illərdir, Bülbül adına Musiqi Məktəbində dərs deyirəm. Bu gün gördüyünüz səhnə 20 ilin ənənəsidir davam edir. Onlar məni çox istəyirlər. Çünki məndən qayğı, məhəbbət görürlər. Həmişə Üzeyir bəyin məsləhətinə əməl etmişəm: "İstedadları irəli çəkin, istedadsızlar özləri-özlərinə yol açacaq”.

Onu da bilin, istedad da çox zərif, şıltaq bir şeydir. Gəldyi kimi, gözlənilmədən çıxıb gedə də bilər. Onu daim nəzarətdə saxlamaq lazımdır. Mənim üzərimdə ustadlarımın haqqı var, onlar istedadımı qoruyub inkişaf etdiriblər, indi bütün bunları mən balalarımız üçün etməliyəm. Yoxsa dünyadan borclu gedərəm. Vaxt gələcək, onlar da bu ənənəni gələn nəsillərə ötürəcəklər. Yer üzündə nə qədər xalq var, onların mədəniyyəti yalnız bu yolla qorunub inkişaf etdirilir. Başqa yol mədəniyyətin məhvi deməkdir. Mədəniyyəti olmayan xalqın var-dövləti nə qədər olur-olsun, o xalq özü də məhvə məhkumdur. İndisə buyurun, verin suallarınızı, görək hara çəkib aparacaqsız məni.

- Bu uşaqlar Sizə "Əmi" deyə müraçiət edirlər. Artıq neçə illərdir, nəsil-nəsil cavanlar "Əmi" deyib sizinlə danışırlar. Bunun tarixçəsi hardan gəlir?
- 1968-ci ildən. O zaman filarmoniyanın direktoru bizim böyük sənətkarımız maestro Niyazi idi. Mən də oranın solisti idim. Bir gün maestro məni kabinetinə
çağırıb göstəriş verdi: "Əlibaba, sən mənə ayda bir solo-konsert verməlisən". O vaxtlar mənim pərəstişkarlarım çox idi, indiki dillə desək, moddaydım. Afişam çıxandan iki saat sonra kassadan biletlər qurtarırdı. Bir tərəfdən də filarmoniya simfonik orkestrin pulunu ödəyə bilmirdi. Mənim bir konsertim bütün orkestrin üzvlərinin aylıq maaşını, hələ üstəgəl, əlavə xərclərin də əvəzini çıxarırdı. Odur ki mən hər ay konsert verməliydim. Niyazi müəllimin qərarı beləydi. Mən də, cavab olaraq, belə bir təkliflə çıxış etdim: "Maestro, hər dəfə ya Əhməd Bakıxanovun, ya Əliağa Quliyevin ansambllarını məni müşayiət üçün dəvət edirik. Olmaz ki elə burda öz ansamblımı yaradım?". Söz ağzımdan çıxan kimi Niyazi soruşdu: "Ansambla sənə neçə ştat lazımdır?".

- On.
- Bir həftə sənə vaxt verirəm, ansamblını yığ!
Bax, elə həmin "Hümayun" ansamblının üzvləri, mərhum klarnet ifaçısı Ələkbər, nağaraçı Zöhrab, Tofiq, Hilal, qarmonçalan Hüseyn (indi oxuyan olub), udçalan Yasəf hər dəfə mənə "Əlibaba müəllim" deyəndə, adım ikitərkibli olduğundan, elə bil, dilləri dolaşırdı. Başqa bir müraciət forması axtarırdılar. Dedim, mənim qardaşım yoxdur, qohum uşaqlardan da əmi deyənim olmayacaq. Elə yaxşı olar, mənə bu üç hərfdən ibarət sözlə müraciət edəsiniz: "Əmi". "Axı sən cavansan, sənə əmi demək yaxşı çıxarmı?" - deyib təəccübləndilər. Dedim, narahat olmayın, lap yaxşı çıxar. O gündən hamı, hətta maestro Niyazi də mənə əmi deməyə başladı. Bu sözün tarixçəsi o vaxtdan başlayır. Amma onu da sizə deyim, əmiliyi də bacarmaq lazımdır. Gördünüz uşaqları, onlar gəlib əmilərini öpüb gedirdilər. Mən daim onların istedadının qayğısında olmuşam. Bütün bunlar elə-belə deyil. Doğrudur, indi Teymur Mustafayev, ondan başqaları da öz üstünə əmi sözünü götürüblər. Olsun da.

- İndi isə gəlin lap əvvəldən başlayaq.
- 1930-cu ildə Maştağa kəndində anadan olmuşam. Məktəbə də bu kənddə getmişəm. Ədəbiyyat müəllimim Məmməd Nuri oğlu mənim həyatımda çox böyük rol oynayıb. Şeiri, qəzəliyyatı birinci ondan öyrənmişəm. Elə atam da hansı məclisə gedərdisə, yeganə oğul övladıydım deyə, məni də özüylə aparardı. Bunlar olmasaydı, bir başqa ömrün sahibi olardım. Qarşıdan ağır illər gəlirdi. Məni də bir çox tay-tuşlarım kimi, ağlımı başımdan eləyib, tərs yola sala bilərdilər. Amma atam, savadsız olmasına baxmayaraq, mənə elə tərbiyə vermişdi ki, hələ həddi-büluğa çatmamışdan, həyata gözüaçıq baxa bilirdim.

- Ağır illər deyəndə müharibəni nəzərdə tutursunuz?
- Allah o vaxt bizim ailənin çəkdiyini heç kimə göstərməsin. 1942-ci ildə, müharibənin şiddətli çağında atamızı itirdik. Anam, 32 yaşlı gənc qadın, 3 balaya uşaqla qaldı. Mənim 12 yaşım vardı, baçılarımdan birinin 8, o birinin 6. Evə bir qara qəpik də pul gəlmirdi. Mən aylığın ayı dadını, bir də anamın o illərdə bizim üçün elədiklərini heç vaxt unutmaram. Kişi xislətli qadınıydı. Uşaqlar ayından ölməsinlər deyə, qışın şaxtasında, yayın cırhacırında kolxozun sahələrində işləməkdən əlləri qabar-qabar olmuşdu. Dərsdən sonra mən də gedib ona kömək eləyirdim. O pomidor yeşiklərinin, o kartof kisələrinin, ən çox da bel
vurduğum o quraqlıq torpağın ağırlığı yadıma düşəndə, indi də hiss eləyirəm. Bəzən də o biri uşaqlar kimi, bazarda xırım-xırda satardım, böyüklərə dükana-bazara mal daşımaqda kömək eləyərdim. Amma bunlar evin tələbatını ödəmirdi. Əsas yük anamın çiyinlərindəydi. 16 yaşıma çatanda anam qohumların məsləhəti və köməyilə məni "remeslennik" (peşə məktəbinə şagird - red.) göndərdi. Orda pal-paltar, yemək havayı verilirdi. Beləcə, ailədən bir nəfərin yükü anam üçün yüngülləşdi. Mən artıq tanınmış xanəndə olanda, anamı gözüm üstdə saxlayırdım. O qadın 84 yaşında rəhmətə getdi. İndi - onu dəfn eləyəndən sonra, həmin illəri yadıma salıb deyirəm ki, yox, bizə elədiklərinin ondabirinin əvəzini ona verə bilmədim. Ərə getmədi, bütün həyatını uşaqlarını böyütməyə, onların oxumasına həsr etdi. Öz həyatını yox, bizim həyatımızı yaşadı, qara günlərin içindən bizi üzüağ çıxartdı. Yox, onun borcunu qaytara bilmədim.

- Oxumağa nə vaxtdan başladınız?
- Nəslimizdə, kəndimizdə deyildiyi kimi, bizdə hamının səsi olub. Anamın çox
məlahətli səsi vardı; bayım Hacı xanım, indinin özündə də məşhur mərsiyə deyəndir. Əmim Güləhməd Məmmədov o zaman Bakıda adıyla tanınan xanəndə olub. O, görkəmli musiqiçilərlə oturub-durardı. Cabbar Qaryağdıoğlu, Zülfi Adıgözəlov, Mütəllim Mütəllimov gələrdilər əmimgilə. Bir çox məqamlar mənim ovaxtkı şüurum üçün qaranlıq qalsa da, onların söhbətinə saatlarla qulaq asmaqdan doymazdım. Xanəndəlik, mən qarışıq, bizim ailə üçün göydəndüşmə olmayıb. Amma mənim istəyim tamam başqa idi. Mən neftçi olmaq istəyirdim.

- Neftçi?
- Bəli, müharibə qurtaran ildə "remeslennikdən" getdim Sabunçudakı Neft Texnikumuna. Texnikumda ixtisas alandan sonra məni təyinatla ikiilliyə göndərdilər Türkmənistana. Ora mənim ovaxtkı vəziyyətim üçün əlverilişli oldu. Burda da hər şey havayı verilirdi: pal-paltar, yemək-içmək hökumətin hesabınaydı. Amma ixtisaslaşıb mühəndis olmaq istəyim baş tutmadı. Buna səbəb
1948-ci ildə Türkmənistanın Aşqabat şəhərində baş verən dəhşətli zəlzələ oldu. Fəlakət deyirəm sizə, aləm viran qalmışdı. Bu hadisədən sonra mən də mühəndis olmaq arzularımla vidalaşıb geriyə - Bakıya qayıtdım. Bir gün şəhərdə gəzib-dolaşırdım, "26 Bakı komissarı" Mədəniyyət evinin qarşısından keçəndə birdən gözüm iri hərflərlə yazılmış - "Gənc istedadlar axtarırıq" adlı müsabiqənin elanına sataşdı. 19 yaşım vardı, Füzulinin qəzəllərindən çoxunu əzbər bilirdim, muğamlarımızı dost-tanış yanında oxuyurdum. Öz gücümə inamım vardı. Amma yenə nigaran idim. Çox güman, elə bu səbəbdən özümü müsabiqədə bir daha yoxlamağı qərara aldım. Münsiflər heyətinə Zülfi Adıgözəlov sədrlik edirdi. İfaçılardan Kamil Əhmədovu tanıyırdım. Zülfinin birinci sualını eşidəndə hiss elədim ki, bəli, imtahandayam:

- Nə oxuyacaqsan?
- "Çahargah".
Zülfi müəllim tərəddüdlə mənə baxdı:
- Ay oğul, "Çahargah" ağır dəsgahdır, sən bizim üçün yüngül bir şey oxu, görək qabında nə var.
- Zülfi müəllim, mənimçün ağır olan sizin qarşınızda çıxış etməkdir. "Çahargah"ın öhdəsindən gələrəm.
- Buyur, oxu.

Bu mənim sənət taleyimdə birinci və ən böyük imtahan oldu. Mən oxuduqca, onlar başlarını tərpədirdilər, hiss edirdim, ifam xoşlarına gəlir. Bundan bir az da cürətlənib, ardınca öz bəstələdiyim mahnını oxudum. Qurtaranda Zülfi müəllim maraqla soruşdu:
- Bu kimin mahnısıydı oxudun?
- Əmimdən eşitmişəm, - deyə yalan danışmalı oldum
Müsabiqədən bir-iki adam keçə bildi, onlardan birincisi mən oldum.19 yaşında məni Azərbaycan Dövlət Filarmoniyasına "xozrasçot" deyilən şərtlə solist götürdülər. Yəni nə qədər oxuyacaqdımsa, ayın axırında o qədər mənə əməkhaqqı verəcəkdilər. Filarmoniyanın estradasında 12 solist vardı: Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva, Əbülfət Əliyev, bir də müşayiətçilər. Xan əmi mənə zarafatla nəhs deyərdi, yəni 13-cü. Əbülfət toylara gedəndə, Şövkət, Sara, Fatma nə səbəbdənsə gəlməyəndə, mən onları konsertlərdə əvəz edərdim. Dörd ildən sonra filarmoniyanın rəhbərliyi birdən gözünü açıb gördü ki, mən xalq arasında tanınıb sevilirəm. Yalnız tamaşaçılar arasında sənətimi təsdiqləyəndən sonra məni ştata işə götürdülər. Həmin o nəhs dövrüm mənimçün çox düşərli oldu. Həmin dövrdən tanınmağa başlandım.

- Bəs muğam təhsilinizi necə və harada almısınız?
- Azərbaycan xanəndəsinin ən böyük məktəbi toylardır, ələlxüsus, Bakı toyları. Mən əvvəl toylara nağaraçalan kimi gedərdim. Filarmoniyanın solisti olandan,
xanəndə kimi getməyə başladım. Bir gün toyda məni bəstəkar Adil Gəray gördü. Soruşdu: "Niyə gəlib Asəf Zeynallıda (indiki Musiqi Kolleci - red.) oxumursan?".
Kənddən gələn uşağıydım, anlamadım, soruşdum, o nədir? Dedi: "Gələrsən, görərsən, sənə təhsil lazımdır". Mən Asəf Zeynallıya gedib gördüm, orda muğamdan bir nəfər dərs deyir. Adını deməyəcəyəm, amma ondan təhsil almağa dəyməzdi, hələ o zaman mən özüm onun qədər bilirdim. Bəlkə bir az da artıq. Adil Gəray dedi: "Ağa indi Ağdamdadır, gələn il gələcək burda dərs deməyə. Sən də gəlib onun sinfində oxuyarsan". "Ağa" biz Seyid Şuşinskiyə deyərdik. Bunu eşidəndə, sevincimin həddi-hüdudu olmadı. Amma 53-cü ilin yayında başım toylara elə qarışdı ki, təhsil tamam yadımdan çıxdı. Ayın 30 günü toylarda olurdum. Yalnız sentyabr ayının 15-də, toylara ara veriləndə, yadıma düşdü ki, axı mən Musiqi Məktəbinə getməliydim. Çox cüzi ümidlə yollandım Asəf Zeynallıya. Adil Gəray məni görcək özündən çıxdı. O ki var danladı. Xeyli məzəmmət eləyəndən sonra dedi: "Ağaya demişəm, hazırlaş, sənə qulaq asaçaq". Ağa, Əhmədxan Bakıxanov, bir də Mirzə Mənsur yığışıb mənə qulaq asdılar. Tarzən başladı "Rast" çalmağa, sonra keçid aldı "Mayeyi-Rast"a, ardınca "Əraq", "Pəncgah". Nə isə, səsimi hərtərəfli yoxladılar. Oxuyub-qurtaran kimi, Ağa əlindəki əsasını yerə vurub ucadan dedi: "Gəl sinfə, dərs başlayıb". Heç maraqlanmadı sənədlərim nə vəziyyətdədir, Musiqi Məktəbinə daxil olmuşam, ya yox. Dedi, gəl sinfə. Sinfə girib gördüm, 19 nəfər
tələbə əyləşib. Gələcəyin məşhur xanəndələri Qulu Əsgərov, Mais Salmanov, Nəriman Əliyev… Bizim hər birimizin sonradan yüzlərlə tələbəmiz olacaqdı. Amma bütün bunların kökündə Seyid Şuşinski məktəbinin durduğunu yaddan çıxarmaq olmaz.

- Hərdən neftçi olmadığınıza heyfsilənirsiniz?
- Əvvəl-əvvəl heyfsilənirdim. Gəlin, mən sizə bir söz deyim. Adamın işini gərək Allah düzəltsin. Kimin ağlına gələrdi ki, 19 yaşında kənddən gələn bir oğlan filarmoniyanın solisti olacaq? Kim deyə bilər ki, mən 19 yaşında Xan, Şövkət, Sara kimi sənətkarlarla çiyin-çiyinə oxumuşam?! Heç kim deyə bilməz. Bunu ancaq Əlibaba deyə bilər!

- Sənətə bu qədər aludəlik Sizi şəxsi həyatdan ayırmırdı?
- Xeyr, əsla. Mən 50-ci ildə Əzizə xanımla ailə həyatı qurdum.

- Seçim özünüzün oldu, yoxsa kənddə olduğu kimi, ailədən bəyəndilər sizinçün?
- Özüm istəyib seçmişdim, evdəkilər də baxıb bəyəndilər. İçərişəhərdə yaşayırdı. Mən bu həyatda gördüyümdən nəticə çıxarıb deyirəm ki, uşaq gərək arzularla yaşasın, uşaq gərək kasıbçılıqla böyüsün. O uşaq ki kasıbçılıqla böyüdü, həm gözəl sənətkar ola bilər, həm də gözəl ailə başçısı. Deyim sizə niyə? O zaman mən həyat yoldaşımla 6 kvadratmetrlik bir mənzildə yaşayırdıq. Evə nəsə alanda bizim üçün əsl bayram olurdu. Soyuducu yoxdur, çalışıb-əlləşirdik, toydan, konsertdən nəsə qazanırdım, görürdüm, aha, pul düzəldi. Gedib bir soyuducu alırdıq. Qonşular yığışıb gəlib baxar, bizi təbrik edərdilər. Bəh-bəh, bu da olurdu bizimçün bayram sevinci. Eləcə də radio, maqnitofon, çarpayı... Mən o kasıblıq həyatımın sevinclərini heç nəyə dəyişmərəm. Yaşayış da, sevgi-məhəbbət də, səmimiyyət də onda idi. Ondan sonra pulum da oldu, evim də, bağım da, maşınım da; uşaqlar böyüdülər, dünya büsbütün dəyişdi, ailədə soyuqluq əmələ gəldi.

- ...
- Mən istəyərdim, bu sözlərimə diqqətlə qulaq asasınız. Bir çox cavanlar sənətə şöhrət qazanmaqdan ötrü, puldan ötrü gəlir. İnanın mənim səmimiyyətimə. Sənətə bunlardan ötrü gəlməmişəm. Sənətin vurğunu olmuşam. Birdən əgər qızıl qəfəsə salıb, əvəzində oxumayım deyə səsimi alsaydılar, mən bir gün də yaşaya bilməzdim. Həyat yoldaşımgil bizdən imkanlı idi. Öz aralarında məsləhətləşib qərara gəlmişdilər ki, mənə bir iş versinlər, pul qazanım, ailə dolandırım. Bunu eşitcək, onların lap böyükləriylə görüşdüm. O məndən soruşdu ki, sən bu sənətinlə ailə saxlaya biləcəksən? O zaman müğənninin başına indikitək pul tökülmürdü. Dedim, hər halda, sizin üstünüzə borca gəlməyəcəyəm. Bu söz onu aldı. Dedi, dəyməyin uşağa, qoy getsin dolansınlar, o bilir neyləyir. Çünki mən sənətimə aludəydim. Bunun özü artıq mənimçün var-dövlətiydi. Notu, harmoniyanı
bilməyə-bilməyə yüzdən artıq dillər əzbəri olan mahnı yazmışam. İndiyə qədər onları cavan və yaşlı müğənnilər çox böyük həvəslə ifa edirlər.

- Eşitmişdim ki, "xalq mahnısı" adıyla təqdim elədiyiniz bu nəğmələrə görə Sizi çox tənqid ediblər
- Bəs mən neyləyə bilərdim? Adını qoyurdular həvəskar bəstəkar mahnısı və
səsləndirmirdilər. Rəhmətlik Qulu Əsgərovun nə qədər mahnısı vardı. Bəs hələ Bəhram Nəsibov (ona da min rəhmət!), nə qədər mahnı bəstələmişdi?! Axırda Qulu görəndə ki səsləndirmirlər, mahnı bəstələməkdən tamamilə imtina elədi. 50-ci illərdə radioda elan verirdilər ki, kimdə xalq mahnıları var, gətirib təqdim edə bilər. Mən də öz mahnılarımı bu adla təqdim edirdim. Bircə buna qulaq asın (oxuyur):
Ay dağlar, səndə gözüm var,
Ay məndə dərdə dözüm var.
Xəbər verin, yar gəlsin,
Ay ürəyimdə sözüm var.
Gəl bizə, gəl bizə, gəl bizə yar,
Qurbanam o qaş-gözə yar.
Bu nə mahnıdır?

- Xalq mahnısı.
- Xeyr, bu, bəstəkar mahnısıdır. Onu mən 1959-cu ildə yazmışam. İndiyə qədər hamı elə bilir ki, xalq mahnısıdır. Sonradan-sonraya bir tərəfdən mahnılarımın sevildiyini, digər tərəfdən bu işdən çəkinmədiyimi görüb məcbur oldular öz
adımla, "Musiqisi Əlibaba Məmmədovundur", - deyə təqdim etməyə.

- "Hümayun" ansamblının yaranması da qısqanclıqla qəbul olundu.
- Bunun səbəbi vardı. Ona qədər xalq çalğı ansambllarına ənənəvi olaraq bizim
görkəmli ifaçılarımız rəhbərlik edirdilər. Əhməd Bakıxanov, Həbib Bayramov, Baba Salahov, Əhsən Dadaşov… Bəli, xanəndənin ansambl yaradıb ona rəhbərlik etməsi musiqi ictimaiyyəti üçün bir az gözlənilməz oldu. Bayaq dedim, bu ansam-blın yaradılmasının təşəbbüskarı maestro Niyazi idi. Ansambl yaranandan, repertuarı hazır olandan sonra, konsert ərəfəsində maestro redaktor Cahangir Aslanoğlunu, konsertmeyster Hayı Məmmədovu, bir də məni kabinetinə çağırdı: "Yaxşı, ansambl yarandı, konsertə də hazırıq. Bəs onun adını afişada neyə yazaq?". Çox adlar təklif olundu. Biri dedi Xəzər, o biri dedi Araz. Heç biri Niyazinin ürəyincə olmadı. Birdən o, Hacı Məmmədovdan soruşdu: "Hacı, sən bilərsən, Əlibabanın ən yaxşı oxuduğu muğam hansıdır?". Hacı bir az fikirləşib cavab verdi: "Maestro, bizdə "Hümayun" muğamının ən yaxşı ifaçısı Seyid Şuşinski olub. Ondan sonra bu muğamı Əlibaba kimi oxuyan yoxdur". Niyazi bunu gözləyirmiş kimi, əlini masanın üstünə vurdu: "Əla, ansamblın adı oldu "Hümayun". Amma sonralar bu adla əlaqədar problemlər də yarandı. O vaxt Iranda "şahənşahi-hümayun" ifadəsi çox işlənərdi. Yəni sülhsevər şah. Hümayun sülh quşudur, yəqin, bunu bilirsiniz. Mənim bəzi sənət "dostlarım" yuxarı yazmışdılar ki, Əlibaba ansambla Iran şahının adını qoyub. Məni Mərkəzi Komitəyə çağırdılar. Ora gedəndə, bilirdim, nə məsələdir. Ona görə də özümlə Füzulinin kitabını götürdüm. Məni orada çox yaxşı, hörmətlə qarşıladılar, tamam başqa məsələlərdən danışdılar. Ansamblın fəaliyyətiylə, çətinliyimin olub-olmamasıyla maraqlandılar. Sözarası, guya təsadüfən yada düşən kimi, ansamblın adını hardan götürdüyümü xəbər aldılar. Mən hümayun sözünün lüğəti mənasını onlar üçün açdım; bir də onları məlumatlandırdım ki, bizdə bu adda muğam var. Soruşdular, bəs Iran şahıyla bunun nə əlaqəsi ola bilər? Dedim, heç bir əlaqəsi. Sadəyə, həmin ifadənin "sülhsevər şah" demək olduğunu onlara izah etdim. Sözlərimin təsdiqi üçün, kitabı açıb Füzulidən onlara bir beyt də göstərdim. Nə isə, yavabım onları razı saldı. Maneələri beləyə dəf edə bilirdik. Ansambl düz, otuz il, həmişə dəbdə olmaq şərtiylə, fəaliyyət göstərdi. "Azkonsert" dağılandan sonra biz də məybur olub fəaliyyətimizi dayandırdıq.

- Musiqidə yeniliyə neyə baxırsınız?
- Allah rəhmət eləsin Heydər Əliyevə! "Şöhrət" ordeni almağım münasibətilə mənə yazdığı məktubunda belə yümlə işlədib: "Sizin xalq musiqisi əsasında yaratdığınız mahnılar həmişə xalqın ürəyinə yol açıb". Görün, mənim yaradıyılığıma nə qədər düzgün qiymət verilir. Bəli, məhz xalq musiqisi əsasında. Mənim mahnılarım əsasında kitab dəry olunub. Kim o kitabı açıb orda biryə not da olsa, musiqimizə yad nəfəs göstərə bilsə, ona özü ağırlığında qızıl verərəm. Bu, mümkün olan iş deyil. Çünki xalq arasından çıxan musiqiçinin ən böyük müəllimi də elə xalqın özüdür. Bir daha Cabbar Qaryağdıoğlunun sözlərini xatırlatmaq istəyirəm: "Azərbaycan xanəndəsi üçün məktəb toyxanadır". Cabbar əminin bu sözlərinin mənası çox böyükdür. Məsələn, konsertdə tək oxumurdum, orda
Xan əmi də vardı, Şövkət də, Sara da, Əbülfət də. Və onların hər biri əvvəldən seçdiyi muğamı oxuyurdu. Konsertdə hər şey bizdən asılıydı. Toyda isə bizdən heç nə asılı deyildi. Biri gətirib qabağına ovaxtın puluyla 25 manat qoyub,
istəyirdi "Rahab" oxuyasan. Heç "Rahab" oxumağa həvəsin olmasa da, məcbur idin, oxumalıydın. Camaatdan "Əhsən!", "Sağ ol!" kəlmələrini almaqdan ötrü bütün muğamlarımızı bir gündə eyni səviyyədə ifa etməliydin. Bakı camaatının çox yaxşı bir xasiyyəti var. Heç vaxt xanəndəni adam arasında pərt eləməzdilər. Kimin sözü vardısa, toy qurtarandan sonra yaxınlaşıb "Qədeş, filan muğamın filan şöbəsini
düz oxumadın", - deyərdi. Bax, belə şəraitdə yetişir xanəndə. Doğrudur, bəzən səbrimiz davam gətirməyən hallar da olurdu. Bir gün Şağana toya çağırmışdılar. Habil Əliyev, Əhsən Dadaşov da mənimləydi. Şağanlılar, adətən, toyda oynayan olurlar, amma mən bu kəndə az-az gəldiyimdən həmin gün oynamağı kənara qoyub düşmüşdülər üstümə. Sifariş, sifariş ardınca, sökürdülər məni. Gecə saat birin yarısında məclisin sərpayısı məşhur buzovnalı Məşədi İsa toyxananın o başından üzünü mənə tutub, gur səsiylə dedi: "Əlibaba, bir "Çahargah" da oxu, yekunlaşdıraq toyu". Yaman yorulmuşdum. Yavaşya Əhsənə dedim ki, "Çahargah", "Bəstə-Nigar", "Müxalif", vəssalam, daha o yana gedə bilməyəcəyəm, halım yoxdur. Oxuyub-qurtaranda Məşədi İsadan bir qışqırıq çıxdı, gəl görəsən: "Alə, Əlibaba, bu "Çahargah" oldu? Bəs hanı bunun "Həssar"ı, "Mahur"u?..". O qışqırır, mən gülürəm, Habillə Əhsən də heç nə başa düşmürlər. Bizim zarafatlarımıza bələd deyildilər. Axırı, dəfi yerə qoyub, mən də qışqırmağa başladım: "Məşədi İsa,
bundan əvvəl səkkiz muğam-dəsgah oxumuşdum, necə idi?". "Əla". Dedim: "Ay
rəhmətliyin oğlu, sizdə də bir insaf olsun da. Mənim yanım bəyəm, daşdandı, ya
dəmirdəndi? Ya elə bilirsiniz, mən maqnitofonam?". Bizim deyişməmizdən bütün
toyxana əhli xüsusi ləzzət alıb gülüşdü. Belə işlər çox olub və hər dəfə də sülhlə qurtarıb. Mən olan yerdə başqa cür ola bilməzdi.

- Çətin məqamlarda yanınızda Sizə arxa duracaq, söz deyəcək adam olmayıb?
- Yox, yox. O dediyiniz indiki müğənnilərə aiddir. Mənim ömürboyu nə cangüdənim olub, nə dilmancım. O vaxtın musiqiçilərini xalq müdafiə eləyirdi. Cangüdənimiz də, dilmancımız da xalqın arasında olardı. Kimsə artıq kefli olanda, özünü-sözünü bilməyəndə, onu sərpayı sakitcə, "əli-ayağı tər-təmiz" halda çıxarardı bayıra. Qoy, bununla bağlı daha bir toyxana əhvalatı danışım.
Şəmsi İmanovla “Sovetski”də (indiki Nəriman Nərimanov prospekti - red.)
toydaydıq. Türmədən təzə çıxan cavan bir adam özünü göstərməkdən ötrü, ya nədənsə, başladı Şəmsiyə səfeh-səfeh replikalar atmağa. Şəmsinin xasiyyətinin tündlüyü də vardı. O həm gözəl sənətkarıydı, həm də ləyaqətini qoruya biləniydi, hələm-hələm söz götürməzdi. Gördüm, bu dəqiqə burda möhkəm dava düşəyək. Şəmsinin başını qatmaq, sakitləşdirmək məqsədilə onunla ordan-burdan danışanda, birdən həmin bu səfeh ondan əl çəkib durdu mənə ilişməyə. Şəhərdə adla tanınan məşhur şüvəlanlı Hüseynağa var idi, bunu görən kimi yerindən qalxıb gəlib düz, toyxananın ortasında dayandı. Həmin adamı yanına çağırıb, elə bil dost kimi, əlini boynunun ardına saldı, amma peysərindən necə sıxdısa, yazığın üz-gözü əyildi, buraxandan sonra qulağına nə pıçıldadı, nə dedisə, onu məclisdən ilim-ilim itirdi. O adam sağdır, indinin özündə də məni görəndə az qalır, ikiqat
əyilib salamlaşsın. O zaman xalqın içində hərənin öz yeri vardı, heç kimin bu qayda-qanunları pozmağa hünəri belə çatmazdı. O zaman sənətkara xalq arasında elə hörmət vardı ki, yanımızda cangüdən gəzdirməyə heç ehtiyac qalmırdı.

- Xanəndə olmaq üçün yaxşı səs kifayət eləyir, yoxsa başqa keyfiyyətlərin də olması vacibdir?
- Eyni sualı bir az fərqli şəkildə bu yaxınlarda ANS televiziyasının "Meydan" verilişində mənə verdilər. Soruşdular, muğamatda siyasət var? Dedim, var. Muğamatda siyasət odur ki, harda, kimin üçün və nə qədər oxuduğunu bilməli, bunların yerini səhv salmamalısan. Məsələn, kənd yerində yaşlı adamların məclisində muğam-dəsgah oxuya bilərsən, amma elə yerlər var, orda dəsgah oxusan camaatın vaxtını alıb onları yorarsan. Deyirlər, Əlibaba Məmmədov tamaşaçıların, dinləyicilərin nəbzini tuta bilir. Burda çətin heç nə yoxdur. Bundan ötrü üç sualın cavabını bilmək kifayət eləyir: harda, kim və nə?

- Siz bunları tələbələrinizə də öyrədirsiniz?
- Hər gün, hər saat. Müəllimlik təkcə proqram üzrə məşğələ keçməkdən ibarət deyil. Mən heç zaman gələcəyə sənətkar-şəxsiyyət hazırladığımı unutmuram. Müəllimliyim 63-cü ildən başlayır. O illərdə Seyid Şuşinski artıq qocalmışdı. Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin xanəndəlik kursunda dərs deməyə daha bir müəllim lazımıydı. Seyiddən kimi məsləhət gördüyünü soruşanda, demişdi: "Maştağalı balasını" çağırın, o, dərs deyə bilər". Özümdənmüştəbehlik kimi başa düşməyin, amma mən dərs demək istəmirdim. Təkcə Ağanın sözündən çıxa bilməyib, iki il orada dərs deməli oldum. Təhsil apardığım dövrdə çox istedadlı tələbələr vardı, sonradan onlardan Canəli Əkbərov, Qaraxan Behbudov kimi tanınmış xanəndələr çıxdılar. Müəllimlik çox maraqlı və çox məsuliyyətli işdir.
Amma o vaxt mənim 32 yaşım vardı, təzəcə "Əməkdar artist" adını almışdım, bir tərəfdən gündəlik toylar, o biri tərəfldən konsertlər. Əsl qaynar çağlarım idi. Tez-tez gələ bilmədiyimdən, dərslərim boş qalırdı. Vaxtımın çoxunu yaradıcılığıma həsr etməliydim, nəinki müəllimliyə. Elə ona görə də iki ildən sonra texnikumda işimi yarımçıq qoyub, sözün əsl mənasında, ordan qaçmalı oldum. Məndən sonra Hacıbaba Hüseynov, Nəriman Əliyev kimi gözəl sənətkarlar və böyük pedaqoqlar orada dərs dedilər, yüzlərlə tələbəyə təhsil verdilər, onlarca sənətkar xanəndə üzə çıxardılar. Yalnız 1972-ci ildə bəstəkar Vasif Adıgözəlovun təkidiylə yenidən gəlib saathesabı dərs deməyə davam etdim. Bir gün Vasif mənə dedi ki, əmi, gəl səni ştata götürüm, əməlli-başlı müəllimliklə məşğul ol. Dedim, yox, Vasif. Onda da "Azkonsert"in solisti idim, bugün-sabah "Xalq artisti" fəxri adını alacağımı gözləyirdim. Nə biləydim ki, bugün-sabah 89-cu ilə qədər çəkəcək. "Əməkdar"dan düz, 26 il sonra "Xalq artisti" adını aldım.

- Fəxri adlarla əlaqədar narazılıqlarınız çox olub, deyəsən
- Mənim sənət bioqrafiyamda heç nədən narazılığım olmayıb. Bayaq sizə hansı çətinliklərdən çıxmağım barədə dedim. Mənim sənətə gəlməyimin özü də bir möcüzə oldu. Nə şöhrət, nə ad, nə pul məni maraqlandırıb. Yalnız sənətimlə məşğul olmuşam. Allah məsləhət biləndə, şöhrət də olub, ad da, pul da. Əgər qismətimdə yoxurdusa, bunlar da olmayacaqdı. Bir də axı, nədən narazı olmalıydım? 1959-cu ildə Moskvada dekadadan qayıdanda mənə Ali Sovetin “Fəxri fərman”ını verdilər. 1962-ci ildə yenə də SSRI-nin paytaxtında ongünlükdən qayıdanda bir daha Ali Sovetin “Fəxri fərman”ına layiq görüldüm, sonra "Əməkdar artist" adını verdilər. 1989-cu ildə Ali Sovetin sədri rəhmətlik Elmira Qafarova idi. Onun komsomolda işləyəndən bəri mənə çox yaxşı münasibəti olub. Çünki keçirdiyi bütün konsert proqramlarında Əlibabanın adı öndə dayanardı və heç vaxt mən onların sözünü yerə salmazdım. Elmira xanımın təşəbbüsüylə mənə "Xalq artisti" adını verdilər. Allah ona rəhmət eləsin! Mən buna da qismət kimi baxıram. Nəcə layiqəm görən-deyən yoxdur, giley-güzarım var. Bu söhbətlər mənim üçün deyil. Əliağa Bakirin gözəl beyti var:
Çərxidən yoxdu bu aləmdə mənim bir gileyim,

Çünki çatmış başa hər istəyim, arzum, diləyim.
Axı 76 yaşlı insanın nədən gileyi olmalıdır? Ailəm var, sənətim var. İnsan gərək hər gününə, hər gün qazandığı bir parça çörəyə görə Allaha şükür eləsin. Şükürlü olanda ruhun da dinc olar, özün də çox yaşayarsan.

- Sənət dostlarınızın, demək olar, hamısının adının qarşısında "Hacı" sözü var. Bu mənada özünüzü tənha hiss eləmirsiniz?
- Həcc ziyarətinə getmək mənə, təxminən, 15 - 20 il bundan qabaq təklif olunub. Əvvəl söhbət mənsiz keçib. Söhbətdə iştirak eləyənlərdən biri deyib ki, Əlibabanı biz yaxşı tanıyırıq, o, Allahdan qorxur, Həccə getməyəcək. Düz deyiblər. Mən o ziyarətin 24 ayininin hamısını yerinə yetirə bilmərəm. Yalan
danışmaq isə mənim nəslimdə olmayıb. Deyirlər, yalan danışmayan insan yoxdur.
Mən ömrümdə nə dilimə, nə də ürəyimə bir dənə də yalan kəlmə gətirməmişəm. Birdən əgər o ayinlərdən birini yerinə yetirməsəm, necə olacaq, kimə yalan danışmış olacağam? Əstəğfürullah, Allah-Təalaya?
Bir mömin şair olur, görür, arvadı namaz qılanda ibarəylə, nazla hərəkət edir. Deyir: "Qurbanın olum, Allaha da naz qılırsan?".
İndi, mən Əlibaba Həccə gedib Allaha da naz qılacağam? Mənim bütün həyatım Allahla bağlı olub. Hər nə istəmişəm, ondan istəmişəm. Hər nə də almışam, mənə O verib. Birdən həmin ayinlərdən birini yerinə yetirməyib, Qurbanolduğuma yalan demiş olsam, o günün gecəsi rahat yata bilərəm? Yaxud ömürboyu bunu özümə bağışlayarammı? Xeyr, günaha batmış olaram. O ayinlərə görə, bir qadın görəndə, başqasınındır deyə, gərək üzümü yana çevirim. Bax, dərsim qurtaranda o uşaqlar gəlib məni öpüb gedirdilər, mənsə qanunla onları öpməməliydim. Gəlin özümüzü aldatmayaq, biz tamam başqa bir cəmiyyətdə, başqa qanunların hökm sürdüyü həyat tərzində insan kimi formalaşmışıq. Nə qədər tövbə eləsək də, yenə də dönüb büsbütün başqa insan olası deyilik. Allahın adını da təmiz ürəklə, açıq fikirlə, tam səmimiyyətlə dilimizə gətirməliyik. Bu sözlərimdən elə zənn eləməyin ki, Əlibabanın o qədər səhvi var ki, özünü günahkar bəndə sayır. Nə içki, nə qadın, nə də pul düşkünü olmuşam. Amma həyatın ləzzətlərindən də özümü məhrum etməmişəm. Hər şeydə qayda güdmüşəm. Rəhmətlik Qurban Pirimov mənə gənclik çağımda gözəl məsləhət vermişdi: "Baçıoğlu, əgər sən bu sənətə gedəcəksənsə, üç qanuna əməl etməlisən. Gərək gözün kor ola, qulağın kar, dilin lal". Mən bunlara əməl eləmişəm. İntəhası, toyda oxuyan zaman xalqın arvadları qabağımda oynayanda mən neyləməliydim? Gözümü yummalıydım, ya tavana baxmalıydım?

- Tanınmış adamlar, əsasən, sənət adamları haqqında el arasında həmişə söz-söhbət olub. Bu sözlərə, dedi-qodulara münasibətiniz necədir?
- Bu da elə həmin söhbətin davamıdır. İnsan gərək görmədiyi şeyi dilinə gətirməsin. Zümrüd Məmmədova mənim ansamblımda oxuyan ən istedadlı xanəndələrdən idi. Doğrudur, onun müəllimi Nəriman Əliyev olub, amma neçə illər bir yerdə çalışmışıq. Çox zəhmətkeş qızıydı. Nə yaxşı ki ona "Xalq artisti" adı verdilər. Onu həmişə qiymətləndirir və xətrini dünyalar qədər istəyirdim. Elə indi də. Amma görün, ağzıgöyçəklər nə danışırdılar: "Vaay, bəs Əlibaba bu qızı saxlayır". Soyadlarımız eyniydi deyə, bəziləri bizim evli olduğumuz barədə söz yayırdılar. Bizim aramızda ata-övlad, müəllim-tələbə münasibəti olub. Başqa heç nə. Di gəl, neyləsən, el ağzı çuval deyil ki, büzüb-bağlayasan. Babal yumağın özü çox böyük günahdır. Günahı deyənlərin öz boynuna! İndi də Könüllə münasibətlərim barədə hərə əlinə bir zurna alıb, ağlına gələn havanı çalır. Bu qız 14 ildir, yəni 16 yaşından mənim yanımda dərs alır. Bu nə mənasız söhbətlərdir, Vallah, anlaya bilmirəm.

- Neçə övladınız var?
- Dörd övladım var, səkkiz nəvəm, yeddi nəticəm. Onların hər biri mənim ürəyimin bir parçasıdır. Mən övladlarımın tərbiyəsinə cddi fikir vermişəm. Amma onların peşə, sənət seçməsinə mane olmamışam. Öz həyat təcrübəmdən bilirəm, həyat yolu da, sənət yolu da qismətlə bağlıdır. Bu yolu insan üçün Allah açır. Bu səbəbdən uşaqlar sənət seçəndə onlara sərbəstlik vermək lazımdır. Əlbəttə, gözdən, nəzarətdən qoymamaq şərtilə.

- Siz özünüzü həyatda daha çox bəxti gətirən adam sayırsınız, yoxsa sənətdə?
- Mən onları bir-birindən ayırmıram. Əgər sənətkar olmasaydım, tamam başqa bir ömrün sahibi olardım. Yox, əgər həyat yolum başqa olsaydı, yəqin, heç sənətkar da olmazdım. Bəxtim hər ikisində gətirib. Bəxtim onda gətirib ki, xalqım məni sevib. Bəxtim onda gətirib ki, sənətimlə dünyanı gəzib dolaşmışam. Bəxtim onda gətirib ki, hələ Sovet dövründə İran, Türkiyə kimi böyük ölkələrdə mahnılarım sevilə-sevilə dinlənilib. Bəxtim onda gətirib ki, məni istəyən övladlarım, məni istəyn tələbələrim var. Heç kimə də paxıllığım tutmayıb. Zülfi Adıgözəlovun bizə yaxşı tövsiyəsi vardı. Deyirdi: "Sənətdə paxıl olun. Biriniz yaxşı oxuyanda, o biriniz ona paxıllıq edib daha yaxşı oxumağa çalışın. Həyatda nəbadə, paxıl olasınız. Bu sizi məhv eləyər, sizi içəridən çürüdər". Ustad düz deyib. Hərə öz qismətiylə yaşamalıdır. Yoxsa bizimki də dönər hambalın lətifəsinə. Bakıda keçmişdə məşhur bir hambal olub. Bir gün peşəsindən yana gəlib, belindən palanı aşırıb yerə, başlayıb şer deməyə:
Varlıların cibindəki,
Mollaların dilindəki,
Mən hambalın belindəki,
Səndə olaydı məndəki.
Məndə olaydı səndəki.
Onda görərdin ki
Ki Ki Ki...
Gəlin bu "kiləri" tullayaq bir kənara, həyatda öz qismətimizlə yaşayaq. Onda görəcəyik, xoşbəxtlik bir o qədər də uzaqda deyil. Mənim də bu gəldi-gedər dünyada qismətimə xanəndəlik düşüb. Vəssalam! ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar