Əli Laricani Nizaminin qəbrini ziyarət etdi
02 İyul 2011 Şənbə 21:54
İran parlamentinin sədri Əli Laricani dhai şairin anadan olmasının 870-ci ildönümü münasibəti ilə Gəncənin mərkəzi meydanda sərgiyə də tamaşa edib.
Azərbaycanda səfərdə olan İran parlamentinin sədri Əli Laricani günün ikinci yarısında yolunu Gəncədən salıb. O, burada tarixi şəhəri tamaşa edib, daha sonra Şah Abbas məscidində namaz qılıb.
İran İslam Respublikası parlamentinin sədri Əli Laricaninin Gəncəyə səfəri də çox işgüzar xarakterdə keçib. Böyük bir nümayəndə heyəti ilə bura gələn qonaq ilk olaraq şəhər rəhbərliyi ilə görüşüb. Daha sonra nümayəndə heyəti Nizami Gəncəvinin anadan olmasının 870-ci ildönümü münasibəti ilə mərkəzi meydanda təşkil olunan sərgiyə də tamaşa edib. Sərgidə dahi şairin müxtəlif illərdə nəşr olunmuş əsərləri və ona həsr olunan incəsənət nümunələri nümayiş olunub. Jurnalistlərə müsahibəsində Əli Laricani öz təəssüratlarını bölüşərək Gəncəyə səfərindən çox məmnun olduğunu ifadə edib.
İran parlamentinin rəhbəri bildirib ki, Gəncə çox qədim və tanınmış şəhərdir: “Gəncə çox qədim tarixə malikdir və mütəfəkkir şəxsiyyət, şair Nizami Gəncəvi də burada doğulub. Gəncə şəhəri və onun camaatı həmişə İslamı mahiyyətə malik olublar. Ümidvarıq ki, bu İslami mahiyyət bu şəhərdə həmişə qorunacaq”.
Xəzərin statusunun müəyyən edilməsi məsələsində İranın mövqeyi ilə bağlı suala cavab olaraq Əli Laricanı bu məsələdə razılığa gəlinmənin çox əhəmiyyətli olduğunu bildirib. Onun sözlərinə görə, bu məsələdə bir çox sahələrdə əməkdaşlıq olunmalıdır: “O cümlədən ekologiya, təhlükəsizlik, iqtisadi sahələrdə əməkdaşlıq edilməlidir. Hər bir sahə üçün yaxşı plan qurulmalıdır ki, qonşu ölkələr birgə bu dəhlizdən müsbət istifadə etsinlər”.
İranlı qonaqlar həmçinin Gəncə şəhərini gəzərək onun görməli yerləri ilə tanış olub. Əli Laricanı və onu müşayət edən nümayəndələr Şah Abbas məscidinə də gələrək, burada günorta namazını qılıblar. Daha sonra Nizami məqbərəsində olan qonaqlar dahi şairin qəbrini ziyarət ediblər. Bununla da nümayəndə heyətinin Gəncəyə olan səfəri başa çatıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: