Əli Həsənov xarici mətbuatın iddialarını təkzib etdi
04 Yanvar 2012 Çərşənbə 15:29
“Dövlət Bayrağı Meydanı ətrafında həyata keçirilən tədbirlərin “Eurovision”a yerin hazırlanmasına aidiyyəti yoxdur”.
“Dövlət Bayrağı Meydanı ətrafında həyata keçirilən tədbirlərin “Eurovision” mahnı müsabiqəsinə və tədbir üçün müvafiq yerin hazırlanmasına heç bir aidiyyəti yoxdur”. Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi üçün “Baku Crystal Hall”ın inşası ilə bağlı Dövlət Bayraq Meydanı yaxınlığındakı binaların söküləcəyi və vətəndaşların mülkiyyət hüququnun pozulması barədə bəzi xarici KİV-lərin iddialarını APA-ya şərh edərkən belə deyib.

“Bütün Bakıda, həmçinin qeyd edilən ərazidə görülən işlər şəhərin əvvəlki illərdə pozulmuş infrastrukturunun yeniləşdirilməsini, yol, nəqliyyat və digər infrastruktur layihələrinin həyata keçirilməsini, həmçinin Bakı bulvarının genişləndirilməsini nəzərdə tutan konkret layihələrin icrası ilə bağlıdır. Təəssüf ki, müəyyən maraqlı dairələr “Eurovision”a aidiyyəti olmayan məsələləri məqsədyönlü şəkildə siyasiləşdirərək bu tədbirlə əlaqələndirilməyə cəhd göstərirlər və bəzi hallarda xarici KİV-lər də məsələni araşdırmadan onların əsassız məlumatlarının təsiri altına düşürlər”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar