Əli Həsənov: İran Azərbaycanla qarşıdurmadan çəkinmək qərarı verib
14 İyul 2012 Şənbə 03:52
Əli Həsənov: İrandan xahiş edirik ki, bizim daxili işlərimizə müdaxilə etməsin, bizi öz istədiyi dövlət kimi görməyə çalışmasın.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov İran İslam Respublikasının təhsil və təlim naziri Həmidrza Hacıbabayinin Bakıya səfərindən və Azərbaycan Prezidenti İlham Əliyevə çatdırdığı dəvət məktubundan danışıb.

Xatırladaq ki, iyulun 12-də İranın təhsil və təlim naziri Həmidrza Hacıbabayi Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olub. Nazir İran Prezidenti Mahmud Əhmədinajedın Qoşulmama Hərəkatına üzv dövlətlərin Tehranda keçiriləcək sammitinə dəvət məktubunu Azərbaycanın dövlət başçısına çatdırıb.

“Media forum” saytına açıqlamasında Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov nazirin səfərini və gətirdiyi dəvət məktubunu rəsmi Tehranın iki ölkə arasındakı münasibətlərə konstruktiv yanaşması kimi qiymətləndirir: “O məktubu elə-belə də göndərə bilərdilər. Məktubu nazir gətirib və orada İran Prezidenti Mahmud Əhmədinejadın cənab Prezident İlham Əliyev barədə xüsusi xoş fikirləri var, bunlar da lazım olanda açıqlanacaq. Bu onu göstərir ki, İran Azərbaycanla qarşıdurmadan çəkinmək qərarı verib. Biz isə bu qərarı çoxdan vermişik və ona görə də mən 2011-ci ilin dekabr ayının əvvəlində İrana getmişdim. İrana səfərim zamanı mən onlara çatdırmaq istəyirdim ki, biz sizinlə qarşıdurmaya getmək, İranı özümüzə düşmən görmək istəmirik. Eyni zamanda, İranın da bizi özünə düşmən saymasını istəmirik. Biz İranın Qərblə qarşıdurmasında vasitəçi və yaxud tərəf kimi iştirak etmək istəmirik. Bununla yanaşı, İranın da Qərblə, İsraillə qarşıdurmasında bizi vasitəçi və tərəf kimi görməsini istəmirik.

Bizim xalqın iradəsi İranla dost olmaqdır. İran hakimiyyəti də öz xalqının iradəsindən çıxış etsin. Bizim xalqın iradəsi dünyəvi dövlət qurmaqdır, İran xalqı isə dini dövlət qurmaq istəyir. Amma bunlar bizim müştərək əməkdaşlığımıza, tərəfdaşlığımıza mane olmur. Biz uzun müddət eyni imperiyaların tərkibində yaşamışıq, eyni mədəniyyəti, dini bölüşürük. İranda çoxlu azərbaycanlı yaşayır, biz onların maraqlarını nəzərə alırıq. Ona görə də biz Azərbaycan olaraq Qərbin və dünya dövlətlərinin İrana qarşı hansısa hərəkətlərində iştirak etməyəcəyik. İran da bunu nəzərə alsın”.

Əli Həsənov qeyd edib ki, Azərbaycanın da rəsmi Tehrandan istək və tələbi var. Onun sözlərinə görə, bu, İranın Azərbaycanın daxili işlərinə müdaxilə etməməsi ilə bağlıdır: “İrandan xahiş edirik ki, bizim daxili işlərimizə müdaxilə etməsin. Bizi öz istədiyi dövlət kimi görməyə çalışmasın. Azərbaycan xalqının öz iradəsi, seçimi, konstitusiyası var. Bizim dini modelimiz də, vətəndaş münasibətlərimiz də, xarici siyasətimizin tələbləri də fərqlidir. Xarici dostlarımızı özümüz seçirik. Düşmənlər özləri bunu edir və düşmənlərimizin çoxu İranla dostluq edir. Amma biz buna da qarışmırıq, heç vaxt İranı ittiham etmirik ki, Ermənistanla dostluq etdiyinə görə bizim düşmənimizsən. İran da İsraillə düşmənçilik etdiyinə görə bizi İsraillə düşmən etməyə çalışmasın. Bütün bu məsələləri onlara çatdırmışdıq”.

Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb ki, bütün bunlara baxmayaraq, Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision- 2012" mahnı yarışı ərəfəsində İran tərəfi tamamilə qeyri-konsturuktiv mövqe tutub, xüsusən də bu ölkənin ruhaniyyəti antiazərbaycan fəaliyyətini zirvəyə qaldırıb: “Yalan, böhtan informasiyalarla İran əhalisini çaşdırmağa, Azərbaycan haqda mənfi fikirlər formalaşdırmağa çalışdılar. "Eurovision"un az qala "gey parad" elan etdilər. Bütün bunların hamısının səbəblərini bilirik. Bunu ona görə edirdilər ki, birincisi, iranlıların "Eurovision"a gəlməsinin qarşısı alınsın. Çünki on minlərlə iranlı turist "Avroviziya"ya gəlmək istəyirdi. Onların qarşısını aldılar da. Buna baxmayaraq, həmin ərəfədə min nəfərə yaxın iranlı Bakıya gəldi. Bütün bunların hamısını bilirik. İkincisi, İran ehtiyat edirdi ki, birdən Azərbaycan antiiran koalisiyasına qoşula bilər. Təbii ki, İran bizim ona qarşı olan cəbhəyə qoşulmağımızı istəmir. Üçüncüsü, İranla Azərbaycanı bir-birinə qarşı qoymaq, vuruşdurmaq istəyən xarici qüvvələr də mövcud idi. Bunların sırasında Avropa dövlətləri, ABŞ və Rusiyadakı bəzi dairələr də vardı. Onlar Azərbaycanı faktiki olaraq İranla düşmən etməyə çalışırdılar. Çünki onların öz maraqları vardı və bu gün də iki ölkəni düşmən etmək istəyirlər. Artıq İranda da, bizdə də müəyyən dairələr bunları anlayıblar. Biz yavaş-yavaş bu gərginlikdən geri çəkilməyə can atırıq, çalışırıq. İranın təhsil naziri Həmidrza Hacıbabayinin Prezident İlham Əliyevlə görüşü və gətirdiyi məktubun məzmunu göstərir ki, indi İran da buna çalışır. İran da anlayıb ki, Azərbaycandan ona düşmən çıxmaz, Azərbaycan ona düşmən olmayacaq. Ona görə də bizim ölkəmizə qarşı süni düşmənçilik yaratmağın heç bir perspektivi yoxdur”.

Əli Həsənov İran Prezidentinin dəvətinin qəbul olunduğunu da bildirib: “Səfərə cənab Prezidentin, yoxsa başqa rəsminin gedəcəyi haqda isə açıqlama olacaq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar