Əli Həsənov: Bizim güzəştə getmək niyyətimız yoxdur
20 İyun 2012 Çərşənbə 09:59
PA rəsmisi Əli Həsənov ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin son bəyatını dəyərləndirib.
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransanın dövlət başçılarının Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirməsini və bununla bağlı ayrıca bəyanatla çıxış etməsini dəyərləndirib. Əli Həsənov "Media forum" saytına verdiyi açıqlamasında deyib ki, həmsədr ölkələrin rəhbərləri ötən il də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatla çıxış ediblər: "Üç prezidentin ötən il verdikləri bəyanatda qeyd olunmuşdu ki, status-kvonun saxlanması yolverilməzdir və münaqişənin həllində irəliləyişə nail olunması zəruridir.

Hesab edirik ki, 18 iyun bəyanatı həmsədr ölkələrin iradəsinin davamıdır. Dağlıq Qarabağ probleminin dünyanın həllini gözləyən əsas məsələlərindən biri kimi dəyərləndirilməsi, tərəflərin kompromis addımlara çağırılması müsbət haldır. Lakin onu da deməyi borc bilirik ki, Azərbaycan tərəfi bu məsələdə konstruktiv mövqe ortaya qoyub.

Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktivlik göstərən, problemin aradan qaldırılmasına ciddi yanaşmayan Ermənistandır. Ona görə də münaqişənin həlli üçün Ermənistan addımlar atmalıdır, bu ölkə Azərbaycanın konstruktiv mövqeyinə cavab verməlidir. Azərbaycan bütün beynəlxalq hüquq normalarının, ATƏT-in prinsiplərinin, prezidentlərin birgə bəyanatında istinad olunan Helsinki Yekun Aktının imkan verdiyi maksimum güzəştləri ortaya qoyub. Bizim bundan artıq güzəştə getmək imkanımız və niyyətimiz yoxdur".

Həmsədr ölkələrin Azərbaycan və Ermənistanı güc tətbiqindən çəkinməyə çağırmasına gəlincə, şöbə müdiri bildirib ki, güc tətbiqindən çəkinmək BMT-nin dövlətlərarası münasibətlərdə mübahisəli məsələlərin həlli üçün müəyyənləşdirdiyi təməl prinsiplərdəndir: "Bu prinsip mübahisəli məsələlərin, münaqişələrin dinc yolla həllini, müharibəyə yol verməməyi nəzərdə tutur. Ona görə də üç prezidentin birgə bəyanatında bu məsələyə toxunulmasını həmin prinsipə istinad olunması kimi dəyərləndiririk. Amma bu o demək deyil ki, ərazi işğalı faktı uzun müddət davam edəcək, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək hüququndan məhrum olacaq. Azərbaycan bu hüququ özündə saxlayır. Lakin biz də bu məsələnin sülh yolu, danışıqlarla həll olunmasına tərəfdarıq. Üç həmsədr ölkənin çağırışını da onların münaqişənin sülh yolu ilə həllinə üstünlük vermələri kimi dəyərləndiririk".


DOSTLARINLA PAYLAŞ:

oyunlar