Əli Əhmədov: “Azərbaycandakı xarici diplomatların İctimai Palatanın üzvləri ilə mitinq ərəfəsində g
15 İyun 2011 Çərşənbə 10:24
Əli Əhmədov: “Bəlkə də başqa məsələləri müzakirə etməyə toplaşırlar”.
“Biz prinsip etibarı ilə müxalifətlə dialoqun tərəfdarıyıq. Bu mövqeyimizi sadəcə sözdə deməmişik, həm də dəfələrlə hərəkətlərimizlə sübuta yetirmişik. Əgər Azərbaycan cəmiyyəti müxalifətin radikal qanadını dəstəkləsəydi, Yeni Azərbaycan Partiyası onlarla dialoqun tərəfdarı olardı”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib. O, iyunun 10-da Müsavat Partiyasının qərargahında bir qrup diplomatın İctimai Palatanın təmsilçiləri ilə görüşünə də münasibət açıqlayıb. Ə. Əhmədov bu cür görüşlərin iqtidar-müxalifət dialoqunun yaranmasına xidmət edəcəyinə şübhə ilə yanaşdığını ifadə edib: “Mən heç də o fikirdə deyiləm ki, müxalifətin radikal qanadının ayrı-ayrı beynəlxalq təşkilatların və ölkələrin səfirliklərinin nümayəndələri ilə görüşmələrində məqsəd dialoq məsələlərini müzakirə etməkdir. Bəlkə də onlar başqa məsələləri müzakirə etməyə toplaşırlar. Özü də bu görüşlər onların təyin etdiyi mitinq ərəfəsində olur. Bilmirəm təsadüfdür, yoxsa yox... Ancaq təsadüfə heç oxşamır. Müxalifət hər şeydən əvvəl öz vətəndaşlarının dəstəyinə arxalanmalıdır. Kənardan verilən dəstəklə hər hansı müxalifətin ölkənin maraqlarını təmsil etmək imkanları yoxdur. Kənardan verilən dəstəklərin hansı nəticələrə gətirib çıxardığını görmək üçün uzağa getməyə ehtiyac yoxdur: İraq, Əfqanıstan və digər ölkələr göz qabağındadır”.

Ə. Əhmədov Müsavat Partiyasının qərargahında bir qrup diplomatın İctimai Palatanın nümayəndələri ilə görüşündə Türkiyənin Azərbaycandakı səfirliyinin təmsilçisinin iştirak etməsindən isə xəbərsiz olduğunu bildirib: “Əgər iştirak edibsə də, mən güman etmirəm ki, həmin şəxs Azərbaycan dövlətinin və xalqının maraqlarına uyğun gəlməyən hər hansı hərəkətə rəvac vermiş olsun”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar