Əli Əhmədov: "Azərbaycan 20 yanvarda ölənlərin sayını özü azaldıb"
19 Yanvar 2010 Çərşənbə Axşamı 14:20
"20 yanvar faciəsi haqqında həqiqətlər dəqiqləşdirilməlidir"
20 yanvar hadisəsi zamanı qətlə yetirilənlərin sayı statistik göstəricilərdən qat-qat çoxdur. Ona görə də 20 yanvar faciəsi haqqında həqiqətlər dəqiqləşdirilməlidir. Bunu Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov 20 yanvar hadiəsinin 20-ci ildönümü ilə bağlı millət vəkillərinin keçirdiyi dəyirmi masada deyib.
Yüzlərlə insanın qətlə yetirildiyi bu faciə qurbanlarını sayını Azərbaycanın özünün azaltdığını deyən Əli Əhmədov 20 yanvar qurbanlarının miqyasının beynəlxalq ictimaiyyətə də düzgün çatdırılmadığını vurğulayıb.
Millət vəkilləri isə əlavə ediblər ki, bu faciəyə hələ də hüquqi qiymət verilməyib və bu hadisənin insanlığa qarşı bir cinayət olduğunu beynəlxalq aləm də qəbul etməlidir. Bundan başqa, deputatlar 20 yanvar hadisəsinin faciə günü olması ilə yanaşı, Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olduğunu bildiriblər.
Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet ordusu əvvəlcədən fövqəladə vəziyyət elan etmədən Azərbaycana qarşı hərbi əməliyyatlara başlayıb. Faciə nəticəsində 131 nəfər həlak olub. Onlardan 117-si azərbaycanlı, 6-ı rus, 3-ü yəhudi, 3-ü tatar olub. 744 insan yaralanıb, dörd nəfər itkin düşüb, 400 nəfər həbs edilib. Yanvarın 20-si fövqəladə vəziyyət elan edildikdən sonra daha 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan edilmədiyi rayonlarda (Neftçala, Lənkəran) isə 26 nəfər öldürülüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: