Eldar Sabiroğlu hərbi hissədə baş verən hadisə ilə bağlı danışdı
01 Fevral 2010 Bazar Ertəsi 15:45
Eldar Sabiroğlu: "Emosiyalara uymadan, təmkinlə hadisənin yekununu gözləməliyik"
Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu yanvarın 28-də Daşkəsən rayonunda N saylı hərbi hissədə baş verən hadisə ilə bağlı açıqlama verib.
Müdafiə Nazirliyindən ANS PRESS-ə daxil olan məlumatı olduğu kimi təqdim edirik:

"Yanvarın 28-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş verən hadisənin nə dərəcədə ağır və üzücü olduğunun fərqindəyik. Hadisə zəminində hərbi qulluqçuların həlak olması hər şeydən öncə ordu üçün böyük itkidir. Ancaq gözləmədiyin şəkildə bəzən elə vəziyyətlər ortaya çıxır ki, qarşısını əvvəlcədən almaq sadəcə mümkün olmur. Nə etməli ki, artıq bu, baş verib. İndi əsas söhbət olayın səbəblərinin müəyyən olunması, müqəssirlərin tapılaraq cəzalandırılmasından gedir. Bütün diqqət bu istiqamətə yönəlib. Müdafiə Nazirliyinin rəhbərliyinin göstərişi ilə hərbi hissəyə göndərilən komissiya bu günəcən orada çox gərgin iş aparır. İstintaqçılar da öz işlərini görməkdədirlər.
Emosiyalara uymadan, təmkinlə hadisənin yekununu gözləməliyik. Lakin bununla belə ictimaiyyətin fikrini çaşdırmaq, hadisənin mahiyyətinin açılmasına kömək etmək əvəzinə diqqəti başqa tərəflərə cəlb etmək xətti aydın görünür. Biz bundan çox təəssüf edirik. Xüsusilə, bəzi KİV-dərdə qərəzsizliyi şübhə doğuran yanaşmalar və mülahizələr özünə ardıcıl yer tapmaqdadır. Bu kimə lazımdır? Məgər belə bir mövqe sərgiləməklə konkret bir nəticəni əldə etmək mümkündürmü? Əsla yox. Müxtəlif versiyalar və ehtimallar düşünmək olar. Ancaq onlardan hər-hansı birini istintaq yekunlaşmadan həqiqət kimi qələmə vermək qətiyyən yolverilməzdir. Belə bir münasibət istintaq araşdırmasına da ciddi şəkildə maneəçilik törətmiş olur. Ona görə də biz hamılıqla birlikdə istintaq prosesinin yekununu gözləməliyik. Bəli, bu məsələdə nə yubanmaq, nə də tələsmək olar. Vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, bu işin sonu mütləq olacaqdır. Kimlər günahkardır, kimlər acınacaqlı cinayət hadisəsini planlaşdırıb və nə üçün bu qanlı olay baş verib hər şey aydınlaşacaq və təqsirkarlar öz cəzasına çatacaqlar.
Bir məsələni yaddan çıxarmaq olmaz ki, mövqeyindən asılı olmayaraq Azərbaycan KİV-lərinin yaydığı hər bir məlumatı düşmən diqqətlə izləyir, təhlil edir və buna sevinməklə yanaşı özünəuyğun şəkildə faydalanır. Ona görə də, düşmənə əlavə fürsət verməmək üçün çox diqqətli olmalıyıq".

Qeyd edək ki, yanvarın 28-də saat 18:00 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hələlik səbəbləri tam bəlli olmayan ağır hadisə baş verib. İki əsgərin avtomat silahdan açdığı atəş nəticəsində 4 hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb. Sonra əsgərlər bir-birlərini güllələyərək öldürüblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar