Eldar Sabiroğlu: "Ermənistan sülh danışıqlarını pozmağa çalışır"
09 Mart 2011 Çərşənbə 12:56
Eldar Sabiroğlu: "Ermənilər hər dəfə yüksək səviyyəli görüşdən ya əvvəl, ya da sonra hansısa təxribata əl atırlar".
"Ermənistan vəziyyəti getdikсə gərginləşdirir. Hər dəfə yüksək səviyyəli görüşdən ya əvvəl, ya da sonra hansısa təxribata əl atmaqla sülh danışıqlarını pozmağa çalışır". Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlunun bu gün yayılan açıqlamasında belə deyilir.

O, artıq bunun ənənə şəklini aldığını bildirib: "Əgər xronologiyaya diqqət yetirmiş olsaq, dediklərimizin tam təsdiqi tapılar. Prezidentlərin Soçi görüşü zamanı da eyni vəziyyətin şahidi olduq. Ermənistan silahlı qüvvələri cəbhənin 10-a yaxın istiqamətində atəşkəs rejimini pozaraq avtomat və digər iri çaplı silahlardan mövqelərimizi atəşə tutdular. Bütün bunların təsadüfi baş verdiyini düşünmək sadəlovhlük olardı. Burada Ermənistan hakimiyyətinin və hərbi rəhbərliyinin rolu danılmazdır. Hər şey bilavasitə onların tapşırığı ilə yerinə yetirilir. Bu, bəllidir və biz bununla yeni nəsə demirik. Münaqişənin sülh yolu ilə həll edilməsinə maraq göstərən dövlətlər, xüsusilə Minsk Qrupu Ermənistanın bu qeyri-konstruktiv fəaliyyətini diqqət altına almalıdırlar. Əks təqdirdə bir anın içərisində hər şey dəyişə bilər və bunun qarşısını dayandırmaq olduqca çətinləşər".

E.Sabiroğlunun sözlərinə görə, artıq son vaxtlar Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini də mütəmadi olaraq atəş altında saxlayır və dinc əhaliyə qarşı müxtəlif silahlardan istifadə edirlər. O, buna əyani sübut kimi martın 8-də baş verən hadisəni göstərib. "Həmin gün saat 16.58-də düşmən Ağdam rayonunun işğal altındakı Şıxlar kəndi istiqamətindən snayperdən açdığı atəş nəticəsində Orta Qərvənd kənd sakini 2002-ci il təvəllüdlü Bədəlov Fariz Arif oğlu başından yaralanıb və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Bu 10 yaşlı körpə uşağın günahı nə idi? Onu nişangaha almaq üçün əmr verən erməni zabiti həmin an gözləri önünə öz övladını gətirdimi? Çətin. Onlar üçün körpə, qoca, qadın fərqi yoxdur. Xocalı faciəsində onlarla belə körpənin qatilinə çevrilmiş Seyran Ohanyan və digərləri görəsən nə vaxt uşaqlara güllə atmaq, onları öldürmək kimi vəhşi bir fikirdən daşınajaqlar? Deyəsən, düşmən hələ də körpə qatili olmaqdan usanmayıb, doymayıb. Ancaq nə qədər çətin olsa da, Azərbaycan Silahlı Qüvvələri cəbhədə vəziyyətin kəskinləşməməsi üçün cavab atəşi açmadı. Biz mürəkkəbi hələ qurumamış vədlərə belə tezliklə xilaf çıxmamaq üçün bu addımı atmış olduq. Ancaq uşaq qatilləri bilməlidirlər ki, bu vəhşiliklər hər dəfə ağır nəticələr verir". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar