Eldar Namazov və Firudin Cəlilov haqda MTN və DİN-ə sorğu göndəriləcək
13 May 2011 Cümə 12:53
Eldar Namazov və Firudin Cəlilov haqda MTN və DİN-ə sorğu göndəriləcək. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri açıqlama verib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ölkənin sabiq dövlət müşaviri Eldar Namazov və keçmiş təhsil naziri, professor Firudin Cəlilov barəsində müvafiq tədbirlərin görülməsi ilə bağlı ölkənin Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliyinə sorğu göndərməyə hazırlaşır. Bu barədə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün keçirilən mətbuat konfransında açıqlama verib.

“Bir neçə gün bundan öncə Eldar Namazov və Firudin Cəlilov müxalifət qəzetlərinin birində dərc edilmiş materialda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini qaçqınların köhnə evlərdən yenilərinə köçürülməsi zamanı onların şəxsi əmlakları üzrə sənədlərini məhv edilməsində, daha doğrusu, yandırılmasında günahlandırıblar. Bu məlumat həqiqətə uyğun deyil və bu, Ermənistandan zorla çıxarılan azərbaycanlılar arasında narazılığın yaranmasına yönəlmiş təxribatdır”,- deyə Dövlət Komitəsinin sədri bildirib.

Onun sözlərinə görə, hər bir kəs şəxsi əmlakı ilə bağlı sənədləri hər hansı dövlət və ya digər struktura vermir, onları öz evində saxlayır: “Əgər bu belədirsə, onda Azərbaycan ziyalılarının nümayəndələri hesab edilən Eldar Namazov və Firudin Cəlilov Ermənistandan olan və orada şəxsi əmlaka sahib olanlardan sənədlərini qorunmaq üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim edən heç olmasa bir şəxsi göstərsinlər. Bu, bir neçə qəzetin təxribatdır ki, Dövlət Komitəsinin əleyhinə ittiham xaraketerli materilları o qəzetlərdə dərc ediblər. Bütün bunlar Azərbaycan rəhbərliyinə qarşı narazılığın yaranması üçün qaçqın və məcburi köçkünlərin hisslərinin sarsıdılmasına yönəldilib. Daha doğrusu, bu, Azərbaycan hökuməti, bizim ölkə rəhbərliyinə qarşı cinayətdir”.

Dövlət Komitəsinin sədri bildirib ki, dövlət əleyhinə bəyanatlarla çıxış edən şəxslər müvafiq qaydada qanun qarşısında cavab verməlidirlər. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar